Fənn müsabiqələrinin final mərhələsində paytaxt üzrə 815 şagird iştirak edib
Bakı, 11 dekabr, AZƏRTAC
Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin final mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin final mərhələsində paytaxt üzrə 815 şagird qatılıb. Onlardan 196-sı riyaziyyat, 140-ı kimya, 175-i fizika, 159-u biologiya, 145-i isə informatika fənni üzrə müsabiqədə iştirak edib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.
Fənn müsabiqələrinin finalı fizika, riyaziyyat və informatika fənləri üzrə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində, kimya və biologiya fənləri üzrə isə kimya-biologiya təmayüllü respublika liseyində təşkil edilib.
Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. Qırx sualın cavablandırılması üçün şagirdlərə iki saat yarım vaxt verilib.
Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar edilməsi, məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.