Stolüstü tennis üzrə Sədərək rayon birinciliyinə yekun vurulub
Sədərək, 11 dekabr, AZƏRTAC
Muxtar respublikanın Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər idman Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən stolüstü tennis üzrə Sədərək rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov çıxış edərək, muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Sonra yarışa start verilib. Beynəlxalq qaydalara əsasən keçirilən birincilikdə 10 qız və 16 oğlan iştirak edib. Yarışın nəticələrinə əsasən oğlanlar arasında Elvin Qədimov I, Elcan İsmayılzadə II, Qabil Qədimov isə III yerin qalibi olublar. Qızlar arasında Selcan Hüseynova I, Arzu Qaybalıyeva II, Elif Ələsgərova isə III yerin qalibi olub.
Qaliblərə və fərqlənənlərə təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.