Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində körpələr evi-uşaq bağçası istifadəyə verilib
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində 29 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının inşasına 2016-cı ilin noyabr ayında başlanılıb və bu ilin noyabrında başa çatdırılıb. Altı qruplu, 115 uşaq yerlik müəssisədə oyun, yemək, tədris, həkim və yataq otaqları, musiqi zalı və anbar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb ki, bu da balacaların intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir.
Qeyd edilib ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.
Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.
Tədbir iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olub, fidanlar konsert proqramı ilə çıxış ediblər.
09.12.2017