Sədərək rayonunda şagirdlər arasında keçirilən şahmat turnirinin qalibləri müəyyənləşib
Sədərək, 8 dekabr, AZƏRTAC
Muxtar respublikanın Sədərək rayonunda ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən şahmat turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşan turnir Olimpiya sistemi üzrə keçirilib.
Yarışda 48 zəka sahibi qüvvəsini sınayıb. Sonda oğlanlar arasında Sədərək kənd 1 saylı tam orta məktəbin şagirdləri Gökan Hüseynov I, Onur Əsgərli II, Hüseyn Hüseynov isə III yerin qalibi olublar. Qızlar arasında isə Sədərək kənd 2 saylı tam orta məktəbin şagirdi Sona Səfərova I, Sədərək kənd 1 saylı tam orta məktəbin şagirdi Nurgül Qurbanova II, Sədərək kənd 2 saylı tam orta məktəbin şagirdi Zeynəb Cəlilova III yeri tutublar.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.
08.12.2017