Molla Pənah Vaqif incə duyğular şairidir
Molla Pənah Vaqif yüksək zövq, dərin və incə duyğular şairidir. Klassik şeirimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbində Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə çıxış edənlər şairin həyatı və yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən danışıblar.
Bildirilib ki, Molla Pənah Vaqif Azərbaycan poeziyasının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist üslubda, şifahi xalq poeziyasına yaxın, qoşma janrında yazan istedadlı nümayəndələrindən biridir. Azərbaycan poeziyasının ideya, sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında şairin mühüm xidmətləri olub. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verib.
Tədbirdə Molla Pənah Vaqif haqqında video-slayd və şagirdlərin ifasında Səməd Vurğunun “Vaqif ” pyesindən səhnəcik nümayiş olunub.