
Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda paytaxtın 183 nömrəli körpələr evinin uşaqlarının rəsmlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə 50-dək balaca fırça ustasının əsərləri sərgilənir.
Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov, 183 nömrəli körpələr evinin müdiri Sədaqət Qurbanova çıxış edərək sərgidəki rəsmlərdən söz açıblar.
Deyiblər ki, “Çiçəklən Azərbaycanım” adlı sərgidə vətənpərvərlik mövzulu sənət əsərləri yer alır. Qeyd edilib ki, belə sərgilərin təşkili uşaqların rəssamlığa marağını artır, onların istedadını cilalayır.
Sərgi iki gün ziyarətçilər üçün açıq olacaq.
02.12.2017