“Günahsız günahkarlar” “YARAT” səhnəsində
Bakı, 30 noyabr, AZƏRTAC
Dekabrın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının aktyorlarının ifasında Arzu Soltanın “Günahsız günahkarlar” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru İntiqam Soltan olan tamaşanın xronometrajı 80 dəqiqədir. Müasir dövrün qlobal problemlərindən birinə - insan alveri mövzusuna həsr olunmuş səhnə əsəri Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimi yüksək gəlirli iş, kimi ailə qurmaq pərdəsi adı altına aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunçular kimdir? Mafiyanı kim idarə edir?
Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? Fərqli rejissor quruluşu bütün bu suallara "Günahsız günahkarlar" tamaşasında cavab verir.
30.11.2017