Xəbərlər

Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsm sərgisi açılıb

Bakı, 29 noyabr, Firuzə Hüseynova, AZƏRTAC

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) həyata keçirdiyi “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsi çərçivəsində şəhidlərin portretlərindən ibarət sərgi açılıb.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə açılan sərgidə Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsmlər nümayiş olunub. Rəsmləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında sənət təhsili alan yeniyetmə rəssamlar çəkib.

 

Şəhid ailələrinin, hərbçilərin, ictimai xadimlərin və rəssamların iştirak etdikləri tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi yad edilib.

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva rəhbərlik etdiyi təhsil ocağının qəhrəmanlığın təbliğatına azacıq da olsa töhfə verməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, yeniyetmə rəssamlar Aprel qəhrəmanlarının portretlərini çəkərkən ali hisslər yaşayıblar və bu yaşantılarını rəsm əsərlərində göstərməyə çalışıblar.

 

Sərgidə yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Onlara köməklik göstərən filarmoniyanın direktoru və müəllimləri də fəxri diploma layiq görülüblər.

 

Aprel döyüşləri qəhrəmanlarının portretləri muzeyə hədiyyə olunub.