Bakı məktəblisi şahmat üzrə beynəlxalq turnirdə qalib gəlib
Bakı, 28 noyabr, AZƏRTAC
Paytaxt məktəblisi şahmat üzrə beynəlxalq yarışda birinci yerə layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Moskvada on bir ölkəni təmsil edən 14 yaşadək şahmatçılar arasında keçirilən turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, G.Beydullayeva kubok, medal və diplomla təltif olunub.
G.Beydullayeva şahmat üzrə 2012-2017-ci illərdə beş dəfə Azərbaycan çempionu olub. O, Avropa çempionatlarında 2013-cü və 2017-ci illərdə birinci, 2014-cü və 2015-ci illərdə ikinci yeri tutub. “Baku Open-2017” və “Naxçıvan Open-2017” beynəlxalq şahmat festivallarında qadınlar arasında birinci yerə layiq görülüb. Məktəbli Respublika Şahmat Olimpiadasında dəfələrlə qalib olub.
G.Beydullayeva şahmat üzrə idman ustasıdır.
28.11.2017