Məktəblilər arasında yol təhlükəsizliyi mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan Milli Avtomobil Klubu” İctimai Birliyi tərəfindən yol təhlükəsizliyi mövzusunda Bakı məktəbliləri arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Layihənin rəhbəri Azər Allahverənov tədbirdə çıxış edərək müsabiqə haqqında məlumat verib. O deyib ki, müsabiqədə iştirak edən uşaqlar “Şəkil”, “Plakat”, “Video”, “Şüar” və “Kreativ işlər” nominasiyaları üzrə işlər təqdim ediblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov müsabiqənin əhəmiyyətindən danışıb. O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bu cür təbliğat xarakterli layihələri dəstəklədiyini diqqətə çatdırıb.
Sonra V.Əsədov yol-nəqliyyat hadisələrinin statistikası ilə bağlı məlumat verib. O vurğulayıb ki, belə layihələrin həyata keçirilməsi yol-nəqliyyat hadisələrinin azalması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
27.11.2017