Uşaq yazıçıları regionlarda görüşlər keçirib
Bakı, 16 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi uşaqların sevimli yazarları – Solmaz Amanova, Gülzar İbrahimova və Sevinc Nuruqızının regionlarda azyaşlı oxucularla növbəti görüşləri təşkil edib.
Görüşlərin məqsədi uşaqların mütaliəyə marağının artırılması, valideynlərin bu istiqamətdə maarifləndirilməsi və uşaq ədəbiyyatını aktuallaşdırmaq olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Daha çox oxucu, daha çox mütaliə” mövzusunda ilk görüş Xaçmaz rayon Mərkəzi Kitabxanasında keçirilib. Görüşdə şagirdlər, ibtidai sinif müəllimləri, fəal oxucular, valideynlər, Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və rayonun bir sıra qurumlarının təmsilçiləri iştirak edib. Yazıçı Solmaz Amanova yeni nəşr olunmuş “Əlifba-1”, “Əlifba-2” və “Xurcun” kitabları barədə məlumat verib. Yazıçının “İlmənin macəraları” və “Turac” əsərləri əsasında çəkilmiş cizgi filmlərinə baxış olub.
Gülzar İbrahimova azyaşlı oxucuları yeni kitabları ilə tanış edib. Görüş iştirakçıları arasında “Ən çox mütaliə edən oxucu” adlı viktorina təşkil olunub. Müsabiqədə qalib gələn uşaqlar mükafatlandırılıb.
Eyni zamanda, hər iki yazıçı tədbirdə iştirak edən bütün uşaqlara tərəfindən müxtəlif hədiyyələr verilib. Habelə Xaçmaz rayon Mərkəzi Kitabxanasına çoxsaylı uşaq ədəbiyyatı təqdim edilib.
İsmayıllı, Füzuli, Lənkəran və Quba şəhərlərində də müvafiq görüşlər təşkil olunub. Yazarların regionlara səfərinə Qubada yekun vurulub.
Qeyd edək ki, hazırlanmış qrafikə uyğun olaraq yazarlar uşaqlarla Biləsuvar, Neftçala, Ağdaş, Şəmkir, Salyan, Bərdə, Tərtər rayonlarında və Şirvan şəhərində də görüşlər keçiriblər. Bütün görüşlər azyaşlı oxucular tərəfindən maraq və sevinclə qarşılanıb.