Xəbərlər

Məktəb komandaları arasında keçirilən stolüstü tennis birinciliyi başa çatıb

Naxçıvan, 8 noyabr, AZƏRTAC


Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən stolüstü tennis birinciliyi başa çatıb.


AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov çıxış edərək, birinciliyin keçirilmə məqsədi və qaydaları haqqında komandalara məlumat verib, idmançılara uğurlar arzulayıblar. 


Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 16 komanda iştirak edib. 


Birinciliyin yekun nəticəsinə əsasən, 5 nömrəli tam orta məktəbin komandası I yerə, 7 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 4 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüblər. 
Sonda qalib komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.