Xəbərlər

Onların valideyn sevgisinə ehtiyacı var...

Dünyamızın bəzəyi, gələcəyimiz olan hər bir uşağın isti ana qucağına, ata qayğısına ehtiyacı var. Valideyn sevgisi olmadan böyümək elə dəhşətli hissdir ki, sonradan yaşanılan hər hansı bir xoşbəxtlik həmin ağrını nə sağalda, nə də onun acısını unutdura bilər. Təəssüf ki, bəzən valideyn məsuliyyətsizliyinin ağrısını da, acısını da elə bu balacalar bir ömürboyu öz üzərlərində daşımaq, həyatın sərt sınağı ilə üz-üzə durmaq məcburiyyətində qalırlar.

AZƏRTAC-ın müxbiri valideyn məhəbbətindən və nəvazişindən məhrum olan, bu səbəbdən hər zaman cəmiyyətin diqqət və qayğısına böyük ehtiyac duyan kimsəsiz fidanların məskunlaşdığı Gəncə Uşaq Evinə baş çəkib.

Kövrəklik və gərginlik adətən bu cür məkanlara baş çəkən hər kəs üçün tanış duyğudur. Amma uşaq evinin həyətinə daxil olarkən yaraşıqlı bina, ətrafdakı səliqə-sahman, gül-çiçək, yaşıllıq, uşaqların böyük şövqlə oxuduqları “Anam mehribanım, Azərbaycanım” mahnısının şən sədası insanı xoş hisslərə kökləyir. Elə ilk baxışdan əminlik yaranır ki, valideyn himayəsindən məhrum olan bu balacalar tək deyillər, onlar dövlətin hərtərəfli qayğısı ilə əhatələniblər.

Uşaqların “Böyük ana” deyə müraciət etdiyi, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova bizimlə söhbət zamanı bildirdi ki, burada 63 uşaq yaşayır. Həmin uşaqlardan 10-u azyaşlı, 53-ü isə məktəblidir. Uşaqların 2-si atılıb, 2-dən imtina olunub, digərləri isə qeyri-rəsmi nikahdan, arzuolunmayan hamiləlikdən, boşanmış ailələrdən olanlardır.

Uşaq evinin məzunlarından ağızdolusu danışan Nazilə İsmayılova böyük fərəh hissi ilə qeyd etdi ki, bu məkanın sakini olan 6 nəfər ötən il Bakı şəhərində hər bir şəraiti olan çoxmərtəbəli yaşayış mənzilində evlə təmin edilib. Onlardan 2-si hazırda Gəncə şəhərindəki Humanitar Kollecdə, 1-i isə Peşə Təhsili Məktəbində təhsil alır.

Gəncə Uşaq Evindəki hər bir uşaq üçün gündəlik rejim və fərdi inkişaf planı tərtib olunub. Həmin plan vasitəsilə xüsusi istedadı, yaxud bacarığı olan uşaqlar müəyyən edilir və onların inkişafı istiqamətləndirilir.

Üçnövbəli iş rejiminin qurulduğu uşaq evində hazırda uşaqların təlim-tərbiyəsi və təhsili ilə 49 nəfər məşğul olur. Gündəlik 12 tərbiyəçi, psixoloq, rəqs müəllimi və sosial işçilər uşaq evinin balaca sakinlərinin dünyagörüşünün formalaşdırılması və onların ətraf mühitə öyrədilməsi üçün iş aparır. Həmçinin 1 həkim, 4 tibb bacısı uşaqların sağlamlığının keşiyindədir.

Burada 4 qrup fəaliyyət göstərir. Məktəbəqədər qrupda 10 uşaq tərbiyə alır. Digər 3 qrupun üzvləri isə məktəblilərdir.

Uşaqların təhsilinə və fərdi inkişafına ciddi nəzarətin olduğunu deyən Nazilə İsmayılova mənəvi övladlarının hər uğuruna sevinir. O, Gəncə şəhərindəki ayrı-ayrı məktəblərdə oxuyan 50-dən artıq uşağın hər birinin dərs əlaçısı, yaxud müxtəlif idman klublarının və yaradıcılıq mərkəzlərinin fəal üzvləri olmasından danışarkən gözləri dolsa da, bunun sevinc göz yaşları olduğunu deyir. Nazilə İsmayılova valideynləri məsuliyyətlərini başa düşməyə, günahsız olan bu fidanları ata-ana nəvazişindən məhrum etməməyə çağırıb. Axı, hər bir körpənin valideyn sevgisinə ehtiyacı var...