Xəbərlər

Bakı Metropoliteninin 50 yaşı tamam olur

Bakılıların sevimli ictimai nəqliyyatının – Bakı Metropoliteninin 50 yaşı tamam olur. 


Bakı Metropoliteni 1967-ci il noyabrın 6-da nəqliyyat sıralarına daxil olub və elə həmin ilin noyabrın 25-dən müntəzəm olaraq sərnişin daşımalarına başlayıb. İlk 5 stansiyanın – “İçərişəhər” - “Sahil” - “28  May” - “Gənclik” - “Nəriman Nərimanov” stansiyalarının uzunluğu 6,25 kilometr təşkil edib.  

 

Hazırda Bakı Metropoliteninin 25 stansiyası fəaliyyət göstərir. Xətlərin ümumi uzunluğu 36,7 kilometrdir. 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayı 76-ya çatdıralacaq. Ümumi uzunluğu 119 kilometrə çatacaq xətlərin sayını 5-dək artırmaq planlaşdırılır. Xüsusi dövlət proqramında 51 yeni stansiyanın və 80 kilometrə yaxın yeni xəttin tikintisi nəzərə alınıb. Hər gün Bakı Metropolitenindən 608 min sərnişin istifadə edir ki, bu da il ərzində 230 milyon insan sərnişin axını deməkdir.   

 

2015-ci ildə Bakı Metropoliteninin “Nizami” stansiyası dünyanın ən gözəl metro stansiyalarının beşliyinə salınıb.

 

Dünyada ilk metro Londonda işə salınıb. Hazırda şəbəkəsi 270 stansiya olan London metropoliteni ən iri metropolitenlərdən biri sayılır. Ümumi uzunluğu 402 kilometrdən olan 11 xəttin 45 faizi isə yerin altından keçir. 

 

Dünyanın ən iri metropoliteni Nyu-York metrosudur. Onun şəbəkəsi 472 stansiyadan və 36 marşrutdan ibarətdir. Uzunluğuna görə Şanxay (588 kilometr), Pekin (573,6 kilometr) və Seul (487 kilometr) metropolitenləri irəlidədir. 

 

Təbriz (İran), Marakaybo (Venesuela), Kataniya (İtaliya) və Yekaterinburq (Rusiya) metrosu ən kiçik metropolitenlər sayılır. Lozanna, Breşia və Renn şəhərləri isə metropoliteni olan ən kiçik şəhərlər sırasındadır.