Bakı, 15 mart, AZƏRTAC
Bakının Nəsimi rayonundakı 46 nömrəli məktəbin Azərbaycan, rus və ivrit dillərində təhsil alan yuxarı sinif şagirdləri martın 14-də “Step IT Academy Azerbaijan” Kompüter Akademiyasında infoturun və ixtisas seçimi üzrə informativ sessiyanın iştirakçıları olublar.
Akademiyanın direktoru Aleksey Sleptsov qonaqlara tədris ocağının fəaliyyətindən, kompüter texnikasının və proqramlaşdırmanın, şəbəkə işinin və dizaynın tədrisindən, bu sahədə böyük uğurlara imza atmış alim və iş adamlarından söz açıb.
Məktəblilər Kiçik Kompüter Akademiyasınını baş müəllimi Nadir Zamanovun robototexnika üzrə təqdimatı zamanı müasir texnologiyalar mövzusunda maraqlı diskussiyanın iştirakçısı olublar.
İxtisasın düzgün seçilməsində valideyn və müəllimlərin rolu, özünəinam və məqsədyönlülük kimi keyfiyyətlərin əhəmiyyəti kimi mövzulara toxunulub.
Məktəblilər Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi yeni layihələrlə tanış olublar. Onların peşə yönümü barədə bir çox sualları cavablandırılıb.
Səkkizinci “B” sinfinin şagirdləri öz təəssüratlarını bölüşüblər.
Rəsul Həkimzadə qeyd edib ki, “Step IT Academy Azerbaijan”da infotur və bu infotur çərçivəsində təqdimat onun çox xoşuna gəlib. Rəsul deyib ki, gələcəkdə proqramlaşdırma ilə məşğul olmaq, insanlara kömək etməyə, planetimizdə həyatı yaxşılaşdırmağa qadir olan texnika yaratmaq arzusundadır.
Aynur Həsənova bildirib ki, arxitektor və ya dizayner olmaq istəyir. Buna görə də rəsm və texniki qrafika sinifləri ilə maraqlanır.
Robototexnikaya dair təqdimat, habelə Mark Tsukerberg, Stiv Cobs kimi özünü təsdiq etmiş proqramçılar və iş adamları barədə informasiya Kamilla Qrinberqə çox maraqlı gəlib. Kamilla ümidvar olduğunu bildirib ki, infotur peşə seçimində ona kömək edəcək.
Məktəbin direktoru Sevinc Budaqova səmimi qəbula və maraqlı təqdimata görə təşəkkür edərək bildirib ki, burada texnologiyalar barədə əldə edilmiş məlumatlar və məsləhətlər düzgün ixtisas seçimində, sonralar isə peşə təhsilinin inkişafında şagirdlərə kömək edəcək.