Martın 10-da Bakı şəhərinin Xətai rayonundakı Mübariz Nəcəfov adına 86 nömrəli məktəbdə rus dili və ədəbiyyatı həftəsi çərçivəsində uşaq yazıçısı, tərcüməçi və dramaturq Samuil Marşakın (1887-1964) anadan olmasının 130-cu ildönümünə həsr olunmuş “Sözlə tərbiyə” adlı tədbir keçirilib.
Tanınmış yazıçının yubileyi Rusiyada olduğu kimi, Azərbaycanda da qeyd edilir.
Ədəbi xatirə gecəsinin təşkilində və keçirilməsində rus dili müəllimləri Gülnarə Orucova, Zoya Əliyeva, rus dili metodisti Elçin Orucov, habelə orta siniflərin şagirdləri fəal iştirak ediblər.
5-8-ci sinif şagirdləri S.Marşakın şeirlərini Azərbaycan, rus və ingilis dillərində oxuyublar.
Məktəblilər S.Marşakın “Dalğın adam”, “Əgər nəzakətlisinizsə” və “Robin – Bobin”, habelə yazıçının şeirinə yazılmış “Axı oğlanlar nədən düzəldilib?” mahnısının motivləri əsasında səhnəciklər göstəriblər.
Gecənin tamaşaçılarına yazıçının həyat və yaradıcılığı haqqında slaydlar nümayiş etdirilib. Tədbir çərçivəsində müsabiqə-viktorina keçirilib. Ədəbi gecənin bütün iştirakçılarına fəxri fərmanlar paylanıb.
11.03.2017