Nağıllar, hekayələr

Cəbrail Həşimov. Yazın oğlan çağında

Yazın oğlan çağı...

 

Niyə təəccübləndiniz ki? Yəni demək istəyirsiniz, yazın oğlan çağı olmur? Olur, qış kimi yazın da oğlan çağı olur. Bu, ilin o vaxtıdır ki, gül gülü, bülbül də bülbülü çağırır. Üfüqdən boylanan günəş qızılı saçaqlarını ətrafa səpələyir.

 

Quşların cəh-cəhi hər tərəfə yayılır. Çiçəklər də açılıb. Bağçanı bir ətir bürüyüb ki, gəl görəsən! Burada çoxlu gül var, amma qızılgüllər ətri və gözəlliyi ilə seçilir. Çəhrayı, qırmızı, sarı ləçəkləri olan qızılgüllər sanki bəhsə girib: kim bağçaya daha çox ətir yayacaq?!

 

Gözəlliyi ilə göz qamaşdıran qızılgüllərin ətrafında arılar və bülbüllər dolaşır. Bülbüllər qızılgülün tikanlarına məhəl qoymadan onun budağına qonur, dərindən nəfəs alaraq ətrini ciyərlərinə çəkir, sonra gözlərini yumaraq öz sevgi nəğmələrini oxuyurlar. Bəzən qonduqları budağın tikanları sinələrini didib-dağıtsa da, yenə dözür, daha şövqlə oxuyurlar. Sanki hamıya sübut etməyə çalışırlar ki, sevdiklərinin yolunda hər cür əzaba, hətta ölümə belə hazırdırlar.

 

Arılar isə güllərdən şirə çəkməklə məşğuldurlar. Onları başqa heç nə maraqlandırmır. Heç bikar vaxtları olur ki, hələ bir nəğmə də oxusunlar? Təkcə qanadlarının titrəməsindən yaranan zəif bir vızıltı ətrafa yayılır ki, o da eşidənləri ya qorxudur, yada bezdirir.

 

Arılar növbə ilə qızılgülün tən ortasına qonur, ətirli şirəsindən çəkir, sonra da uçub-gedir, haradasa öz yüklərini boşaldıb təzədən qayıdırlar. Onlar elə düşünürlər ki, təbiətdə ən faydalı canlılardır.

 

Bülbüllərin səhərdən axşamadək boş-bikar oturub oxuması onları qıcıqlandırır: "Niyə bu səfeh quşlar bir işlə məşğul olmur? Nə qədər oxumaq olar axı? Həmişə də eyni nəğməni oxuyurlar. Bezmirlərmi, görəsən? Bir bizə baxsınlar, işimizlə həm özümüz xoşbəxt oluruq, həm də başqalarını sevindiririk".

 

Bax onda, ötəri də olsa, arılar öz vızıltılarını dayandırıb bülbüllərin nəğməsinə qulaq asır, bir anlığa fikrə gedirlər. Sonra isə gülümsəyərək başlarını bulayır, yenidən öz işlərinə davam edirlər. Əlbəttə, nəğmə gözəldir, hətta çox gözəldir, amma nə xeyri? Nəğmə ilə heç vaxt qarın doymur.

 
Bülbüllər isə cəh-cəhlərinə davam edərək arılara baxır və fikirləşirlər ki, bu balaca varlıqlar nə qədər qarınquludur. Heç dincəlib eləmirlər. Bir dayansınlar, nəfəs dərsinlər. Yox ki, yox! Elə işləyirlər ha... Vızıltıları da hamını bezdirir. Bizim nəğmələrimiz isə hamının könlünü oxşayır. Əslində, bu vızıltıların üzərində bir az çalışsalar, lap elə nəğməyə də çevirə bilərlər. Onlar bilərlər. Onlar bu mənasız işlərindən əl çəkib təkcə nəğmə oxumaqla məşğul olsaydılar, birlikdə bu bağçada yaxşı konsert təşkil eləmək olardı.
 

Qızılgül bülbüllərin cəh-cəhinə qulaq asır, arıların həvəslə işləməsinə baxır və sevinir ki, dostları faydalı işlə məşğuldur. Biri nəğməsi ilə, digəri zəhməti ilə qəlblərə yol tapır.

 

Elə qızılgül özü də xoşbəxtdir. Çünki dostlarının şövqlə oxumasına, həvəslə işləməsinə səbəb olan odur-qızılgüldür!