Nağıllar, hekayələr

Rafiq Ələkbəroğlu. Orxan və Təpəl

Orxanda sümük xəstəliyi var idi. O, ayaq üstə çətinliklə durur, yeriyəndə axsayırdı. Həkimlərin dediyinə görə, bu xəstəlikdən xilas olmağın ən yaxşı yolu fiziki məşqlər, çox gəzmək idi. Lakin Orxan çox vaxt gəzməkdən imtina edirdi. Hər dəfə ayağının ağrıdığını dedikdə ata-anasının ürəyi yumşalır, onu çox gəzməyə məcbur edə bilmirdilər.

 

Bir dəfə Orxan yolda bir küçük gördü. Qara rəngli çox qəşəng bir küçük idi. Yalnız alnında qaşqası vardı. Amma axsayırdı, bir ayağını yuxarı qaldırıb üç ayağı üzərində gəzirdi. Orxan yaxınlaşıb onu tumarladı. Küçük də boynunu mehribancasına Orxanın ayağına sürtdü. Orxan küçüklə danışmağa başladı:

 

- Yəqin, acsan, hə? Bəs ayağını kim bu günə salıb? Gəl mənimlə bizə gedək.

 

Orxan küçüyü evlərinə apardı. Orxanın anası əvvəlcə bunu narazılıqla qarşıladı. Lakin sonra özünün də bu mehriban küçükdən xoşu gəldi. Orxana dedi:

 

- Gəl onu baytara aparaq. Görək ayağını sağalda bilərikmi?!

 

Baytar küçüyün ayağını rentgenə saldıqdan sonra dedi:

 

- Sümüyü bir neçə yerdən sınıb. İndi mən onları bitişdirib ayağını sarıyaram. Nəzarətdə saxlasanız, bir müddətdən sonra sağalar.

 

İki həftədən sonra baytar küçüyün ayağını yenidən müayinə edib dedi:

 

- Hər şey yaxşıdır, sümüklər bitişir. İndi çalışın onu gəzdirəsiniz ki, əzələləri zəifləməsin.


O gündən Orxan hər gün küçüyü ilə parka çıxıb gəzirdi. O, sevimli dostu ilə söhbət edir, kolbasa-çörəyini onunla bölüşürdü. Ona ad da qoymuşdu: Təpəl.

 

Əvvəlcə onlar bir-iki kilometr gəzir, evə qayıdanda isə Orxan ayağının ağrısından ufuldayırdı. Lakin bir aydan sonra onlar rahatca üç-dörd kilometr gəzirdilər.

 

Bir dəfə yenə də parkda oynayırdılar. Orxan tennis topunu çəmənliyə atır, Təpəl topu ağzı ilə götürüb ona gətirirdi. Birdən top parkın yanından keçən maşın yoluna sürətlə şütüyən avtomobillərə fikir vermədən yola doğru qaçdı.

 

- Dayan, Təpəl! - deyə Orxan həyəcanla onun arxasınca yüyürdü.

 

Lakin çox qaça bilmədi. Dörd-beş addım atmışdı ki, yerə yıxıldı. Nə qədər çalışsa da, ayağa dura bilmədi.

 

Orxanın qışqırığını eşidən Təpəl tez geri dönüb onun yanına gəldi. Dostunun yanında həyəcanla ora-bura vurnuxaraq hürməyə başladı.

 

Parkdakı tanış uşaqlardan biri Orxangilə qaçdı ki, valideynlərinə xəbər versin.


Yarım saat sonra Orxan və valideynləri həkimin otağında idilər. Təpəl də burada idi. Deyəsən, o özünü günahkar hesab edirdi. Bir küncə qısılıb gah həkimə, gah da çarpayıda uzanmış Orxana baxırdı.

 

Həkim Orxanın ayağını müayinə etdi. Üzündə təəccüb ifadəsi var idi:

 

- Orxan, bir ayağa dur görüm. Qapıya doğru get.

 

Orxan ayağa qalxıb yeriməyə başladı. O axsamırdı, ayağında heç bir ağrı hiss etmirdi. Ata ilə ananın sevincinin həddi-hüdudu yox idi.

 

- Deyəsən, idmanla məşğul olmağa başlamısan? - deyə həkim gülümsədi.

 

- Xeyr, - Orxan utancaq səslə cavab verdi.

 

Atası söhbətə qarışdı:

 

- Orxan Təpəlin ayağını sağaltmaq üçün hər gün onunla bir neçə kilometr gəzir.

 

- Təpəl kimdir?

 

Ata otağın küncündə sakitcə oturmuş Təpəli göstərdi. Küçük nədənsə sarğılı ayağını qaldırıb həkimə sarı uzatdı. Hamı onun bu hərəkətinə güldü. Həkim əlini Orxanın çiyninə qoyub dedi:

 

- Səni xeyirxahlığın sağaltdı.