Coşqun Xəliloğlu. Cütbulaq
Qızmar yay günlərinin birində atam bizi bulağa aparmışdı. Bulaq dağın yamacındaydı. Hər tərəf sıx otlar və çiçəklərlə örtülmüşdü. Sanki dağlara yaşıl xalça sərilmişdi. Bulağın üstünə xeyli adam gəlmişdi. Onlar bulağın suyu ilə əl-üzlərini yuyur, ləzzətlə içir, özləri ilə gətirdikləri qabları doldururdular. Bir az gözlədikdən sonra növbə bizə də çatdı. Bulaq durna gözü kimi duru, ayna kimi təmiz idi. Dağlardan, qayalardan süzülüb gələn buz kimi su adamın dişini sızıldatdığından bir nəfəsə içmək çətin idi. Amma içdikcə içmək istəyirdin.
Atamdan soruşdum ki, burada cəmi bir bulaq var, bəs nəyə görə ona Cütbulaq deyirlər? Atam bir anlıq fikrə gedib:
– Doğrusu, mən də bilmirəm, indi öyrənərik.
Atam bizdən bir az aralıda dayanmış yaşlı, nurani bir kişiyə yaxınlaşdı. Kişi suala elə həvəslə cavab verdi ki...
– Bir baxın, – Əlini uzadaraq yaşıllığa bürünmüş evləri göstərərdi. – biz aşağıda görünən o kənddə yaşayırıq. Əslimiz-kökümüz də oradandır. Cütbulaq haqqında babam bir əhvalat danışmışdı:
– Əfsanəyə görə keçmişdə bu bulaqla yanaşı ikinci bulaq da varmış. Həmin bulaq daha gur imiş, daim coşub-cağlayarmış. Hər il yayda bulaqların başına xeyli adam toplaşardı. Sularından içib sərinləyər, dincələrdilər. Amma gördüyümüz bu bulaq bir qədər sakit və rəvan olsa da, onun da suyunu içər tərifləyərdilər. Heç kəs bu bulaqlara fərq qoymadığından onlara eyni ad – Cütbulaq adı verilmişdir.
Bir gün gur sulu bulaq lovğalanaraq, utanmadan qonşusuna – həmin bu bulağa dedi:
– Sən də özünü bulaq sayırsan? Sən, bulaqların gözəl adına ləkəsən. Sənə “Bulaq” demək günahdır. Kiçik bulaq heç nə demədi. Yenə əvvəlki kimi öz axarı ilə çağlamaqda davam etdi.
Gur bulaq qəzəblənərək qışqırdı:
– Sənin kimi fərsiz, yönsüz bulaqla yoldaşıq etməyim bəsdir.
O, coşdu, daşdı, elə hikkə ilə çağladı ki, elə bil, gur dağ çayıdı. Suyu hər tərəfi götürmüşdü. O, qəhqəhəylə axırdı. “Mən böyük bulağam, daha da böyüyəcəyəm, suyum daha da artacaq” – deyirdi. Bulaq düz 3 gün, 3 gecə nərildəyərək köpüklənə-köpüklənə axdı. Birdən dağ silkələndi, güclü bir gurultu qopdu. Qayalar yerindən qopub aşağı yuvarlandı... Bir az keçmiş bulağın suyu bulandı, lilləndi. Sonra suyu azalmağa başladı. Bulaq öz məcrasına qayıtdı. Onun suyu yenə də azalmaqda davam edirdi. Nəhayət, bulağın nəfəsi kəsildi, tamam qurudu.
Kiçik bulaq isə əvvəlki kimi aramla çağlayır, sakit-sakit axırdı. Suyu bal kimi şirin idi. Bu həmin bulaqdır, bu gün də insanlar ondan faydalanır, suyundan içib şəninə xoş sözlər deyirlər. Amma adamlar adətləri üzrə bulağa yenə də Cütbulaq deyirlər.
Babanın danışdığı “Cütbulaq” əfsanəsi çox xoşumuza gəldi.