Mina Rəşid. Mənim günəş anam
- Anacan, sən niyə o qadına yaxşılıq etməyə çalışırsan? Axı o həmişə sənə pislik edib, səni nə qədər incidib, ona görə necə əziyyət çəkmisən...
Ana bir anlıq susdu, qızına nə cavab verəcəyini bilmədi. Başını yuxarı qaldırdı. O an günəş üzünə gülümsədi. O da günəşə gülümsədi. Bu “salamlaşma” ilk dəfə deyildi. Onlar həmişə bax belə görüşürdülər... Həmin anlarda qəlbi işıqlanır, eyni açılırdı. İndi də elə oldu. Qızına baxdı və gülümsədi:
- Qızım, bax o günəşi görürsən? Gör heç günəş adamları bir-birindən ayırırmı? Hamıya öz işığını, istisini eyni cür, ədalətlə paylayır. Çünki Yaradan onu belə gözəl, xeyirxah yaradıb. Mən günəş olmasam da...
Qızı tez anasını qucaqladı: “Mənim günəş anam. Nə yaxşı, mənim anam sənsən!”
03.04.2026