Görkəmli pianoçu, caz ustası, Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. İçərişəhərdəki kiçik bir məhəllədə böyüyən Vaqif ilk musiqi təhsilini anası Zivər xanımdan alır. Mahir pianoçu olan Zivər xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəylinin və digərlərinin əsərlərini düzgün çalmağı öyrədir.