
Biz rezini daha çox dartdıqda ona daha çox enerji veririk. Bu halda rezinin hərəkət etdirdiyi zərrəciklərin də enerjisi daha çox olur. Fəaliyyətdə də müşahidə etdiyiniz kimi, rezin halqanı daha çox dartıb sərbəst buraxdıqda daha gur səs eşidirik. Səslə ötürülən enerji çox olduqda həmin səs gur səs, az olduqda isə alçaq səs kimi eşidilir.
Səsin gurluğu desibel (dB) ilə ifadə olunur. Gurluğu 70 dB-dən çox olan səslər insan sağlamlığı üçün zərərlidir, çünki eşitmə duyğusunun zəifləməsinə səbəb ola bilər. Buna görə də səs gurluğunun yüksək olduğu məkanda uzun müddət qalmaq məsləhət görülmür. Gurluğun yüksək oldugu işlərdə işləyənlər qulaqlarını qorumaq üçün qulaqlıqdan istifadə etməlidirlər.
Səslərin sadəcə gurluğu deyil, tonları da fərqli olur. Uşaqların, qadınların və kişilərin səs tonlarında fərqlər var. Bu fərq səs tellərinin uzunluğundakı fərqlərdən yaranır. Uşaqlarda səs telləri qadınların səs tellərindən, qadınların səs telləri isə kişilərin səs tellərindən daha qısadır. Uşaq səsləri daha çox incə səs tonunda olur və biz onları zil səslər adlandırırıq. Yetkin kişi səsləri isə daha çox qalın səs tonunda olur və biz onları bəm səslər adlandırırıq. Simli alətlərdə ifa edərkən simin üzərinə basaraq rəqsi hərəkət edən hissəsinin uzunluğunu azaltdıqda zil, çoxaltdıqda bəm səs çıxarırıq. Musiqi alətlərində simlərin qalınlığının fərqli olması da simin çıxardığı səsin zil və ya bəm olmasına təsir edir.

Səs tonu səsin tezliyi ilə əlaqədardır. Tezlik - səs mənbəyinin bir saniyədəki rəqsi hərəkətlərinin sayıdır və vahidi hersdir. Səsin tezliyi çox olarsa, həmin səsi zil səs, az olarsa, bəm səs kimi eşidirik.
İnsan qulağı tezliyi 20 hersdən çox və 20 000 hersdən az olan səsləri eşidə bilir. 20 hers - 20 000 hers tezlik aralığı insanın eşitmə aralığı adlanır. Digər canlılar insanın eşidə bilmədiyi səsləri eşidə bilir. Məsələn, itlər 65 000 hers tezliyi olan səsi, fillər isə 5 hers tezliyi olan səsi eşidir. Tezliyi 20 000 hersdən çox olan səslər ultrasəs, 20 hersdən az olan səslər isə infrasəs adlanır.
01.10.2026