Şeirlər

Rəsul Rza. Rənglər I

Uvertüra

Ağ, qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdımizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
bir səbəb görən var.
Kim bilir, kim sınamış,
kim bunu ilk dəfə demiş.
Qara - matəm,
qırmızı - bayram,
sarı nifrət rəmzi imiş.
Kim bilir keyfinin nə vaxtında,
kim olmuş, rəngləri belə damğalayıb,
belə ayıran.
Qırmızı qan da ola bilər,
bahalı üzük qaşı da.
Qara matəm rəmzi də ola bilər,
məhəbbət rəmzi də,
nifrət rəmzi də.
Ağ gözümüzü nurdan sala bilər,
çiçək-çiçək bəzəyə bilər süfrəmizi də.
Biri yaşıl görür yarpağı,
biri qırmızı.
Ancaq yarpaq öz rəngində qalır.
Yaşıl olur, qızarır, saralır.
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
Qəlbimizə dolur müxtəlif rənglər kimi.
Rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincn, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.

 

AĞ RƏNG

 

Yuxulu körpənin təbəssümü.
Ümid.
Təmənnasız yaxşılıq.
"Sizdə xərçəng yoxdur"
sözlərinin deyildiyi dəqiqə.
insan səadətinə səbəb olan hər şey...
hətta,
təsəlli üçün deyilmiş yalan.
Bir də insan ülfəti.

 

AĞ RƏNGİN SEVİNC ÇALARI
 
Nənə qurşağı.
Vətən torpağı.
Çiçəkli bahar budağı.
Göyərçin qanadları.
Quzey qarı.
Bir körpənin südə bulaşmış üz-gözü.
Şorbaya yanböyür batırıb çıxardığı
qaşıqdan aldığı ləzzət.
Şübhələrin dağıldığı gün.
Dost əli.
Açılmış düyün.
İnsan adına layiq
işlər, işlər, işlər.

 

ŞİRMAYI
 
Afrikanın dərdi.
Babamın saqqal darağı.
Ucuz gəlir sorağı.
Qaraların taleyi.
Masallar masalı.
Yuxularda
insanların arzularla vüsalı.
Ölümdən gələn qazanc.
Zindan barmaqlığı.
İlməkli kəndir.
Məftili qırbac.
Fil ölümünə bəhanə.
Həsrət dünyası.
Naxışlı yeddiqat kürəciklərin
yeddiillik zəhməti.
Ağrıdan ulayan ölkələrin
Səkinəsi, Səlmanı, Əhmədi.

 

BOZ
 
Çoxlara qatışıb itənlər.
Hər torpaqda bitənlər,
Cansız barmaqlar arasında
sönmüş siqaretin uzun gülü.
Vağam güllər - selafana bükülü.
Boş günlər, boş ürəklər.
Həm elə, həm belə adam.
Vərdişlə könülsüz gülüş.
Soyuq tənhalıqdan
saçlarda qalmış gümüş.
Yetim bir qız uşağının
dəyişiksiz dizliyi.
Vaxtın rəngsizliyi.

 

GÜMÜŞÜ


Yaraqların yararsızlığı.
Dəbdən düşmüş kişi bığı.
Bizə ilkin əlifba öyrədən müəllimin
zaman arxasında qalmış surəti.
Köpüklü ləpələr.
Baba, nənə haqqında xatirələr.
Dumanlarda oyanan səhər.
Şeyx Şamil
və onun toqqasından asılmış,
qəbzəsi dua yazılı xəncər.
Küləyə qərq olmuş
qovaq yarpaqlarmın
gizlənpac oynaması.
Gəlin aynası.
Qan-tərin, yorğunluğun,
yuxusuz gecələrin
bahası.
Şimallı budaqların soyuq üstü.
Yorğun bir yolçuya qüvvət verən
uzaq tüstü.
Qızılın kiçik qardaşı.
İnsanın bəlalı başı.

 

PÜSTƏYİ

 

Yaz başında dəniz.
Yuxudan kal oyanmış bahar.
Ehtirasla açılmış dodaqlar.
Qəzəllər,
gözəllər.
İnsan baxışı.
Salxım söyüd budaqlarında
ilk yarpaqların naxışı.
Ala gözlərdə kədər.
Gənclik düşüncələrindən səhifələr.

 

MAVİ


Dalğasız dəniz.
İztirabsız məhəbbət.
Səmanın dərinliyi.
Deqanın "Rəqqasələr"i,
Körpə bir rəssamın çəkdiyi günəş.
Gözlərin dincliyi.
İnsan düşüncələri.
Buz adaları arasında
su küçələri.

 

MAVİNİN TƏSƏLLİ ÇALARI

 

Mərəzlərin ən dəhşətlisi:
mütiliyə bəraət hissi.
Yükü Təbrizdə qalmış dəvənin
bir gün gələcəyinə ümid.
Aldanışm şirin zəhəri.
Qızmar səhrada
qaratikan kolunun naxışlı kölgələri.
Evi damanların
qəlbinə süzülən
göylərin maviliyi.
Bir də,
insan adına yaraşmayan:
"Nə qəm!
Yaxşı ki, mən deyiləm!"

 

XURMAYI
 
Səhrada dəvə karvanı.
Babamın zər naxışlı quranı.
Müstəmləkələr.
Mübarizələrin sönməyən alovu.
Torpağı yandırıb qovuran hərarət.
Təsəllisiz dərd.
Ağır sabalxımların
yaşıl yarpaqlar arasına alan,
ucaldıqca ucalan
fıl xortumu ağacların
kədəri çökmüş uzlər.
Gözlər, gözlər, gözlər.
 
 
TÜND QƏHVƏYİ 
 
Günəşin səhra qumlarına tökülmuş
qəzəbi.
Balzak haqqında xatirələr.
Yanmış ürək.
Sönmüş kürələr.
Taiti adasında
Qogenin lopirləri.
Dəryalarla göz yaşı.
Milyonlarla qəbir daşı.
Namərd tənəsi.
Yer üzündə cəhənnəmin şöbəsi.
Gülən, ağlayan
insan, insan, insan.
 
 
NARINCI 
 
Min bir gecə nağılları.
Qürub qarı.
Xorasan kürkü.
Nəfəs darıxdıran bürkü.
Bir aylıq balası kəsilmiş
bir inəyin mələməsi.
Məstan pişiyin
nazlanıb şıltaq eləməsi.
Sevimli qadının
xəyaldan keçən kölgəsi.
Səfəri mümkünsüz
xatirələr ölkəsi.
 
 
 
KÜRƏN
 
Arxadan vurulmuş bıçaq
Bahalı buxov qolbaq.
Tünd mavidə gizlənmiş yaşıl:
Kiçiyin ögey qardaşı.
Günəş boyalı saçlar.
Cənublu ağaclar
Suda boğulanın
pənah gətirdiyi saman.
Tək tək insan.
 
 
QIZILI
 
Ömürlük dustağın qısa yuxusu,
Aylı gecədə buludların köbəsi.
Torpağın səxavəti.
Van-Qoqun "Günəbaxanlar"ı.
Məhəbbətin barmağa dolaşmış
damğası.
Qul ağası.
Söz bəzəyi.
Otsuz-ağacsız səhralarda
mal təzəyi.
Buğda dağı.
Saçların saçağı.
Qəhrəmanın göz yaşı.
Ölümdən qaçmışın
Məzəndəli başı.
Şərabın yaşı.
Vaxt.
Muzeydə, mürgüləyən taxt.
Gümüşün böyük qardaşı,
Cinayətin yaşıdı.