Alfons Dode. Satışa çıxarılan ev
Kiçik bağçanın qumu ilə yolun tozunun bir-birinə qarışdığı yerdə, torpağa bərkidilməyən taxta bir qapının üstündə uzun vaxtdan bəri yay günəşi altında hərəkətsiz qalan, payızın sərt küləkləri ilə vuruşmaqdan sarsılan bir lövhə asılmışdı:
“Ev satılır!”
Ətrafında elə bir səssizlik var idi ki, evin bomboş olduğunu düşünərdin. Ancaq orada yaşayanlar var idi. Divardan bir qədər yuxarıya yüksələrək bacadan havaya qalxan, göyümtül tüstü yoxsul adamın ocağının tüstüsütək kədərli ab-havanı üzə vururdu.
Qapıdan sallanan elana görə fikir yürütsək, köçü göstərən boşluq, qarma-qarışıqlıq əvəzinə, səliqəli dəfnəgilaslı cığır, üstü dairəvi daşlar, hovuzun yanındakı gülləri sulamaq üçün dolçalar, evin divarına söykənən bağban ləvazimatları gözə dəyir, evin kimsəsiz olmadığından xəbər verirdi.
Bu, kiçik pilləkənli, ikinci mərtəbəsi kölgəlik, birinci mərtəbəsi isə günəş tutan sadə bir kənd evi idi. Günəşli tərəfdən baxanda limonluğa oxşayırdı. Pillələr üzərində üst-üstə qoyulan fənərlər, aşan boş güldanlar, isti və ağ quma əkilən minaçiçəyi, ətirşah dibçəkləri görünürdü. Əslində, iki-üç böyük çinar ağacının altından savayı bütün bağça günəşin əsarətində idi. Budaqları dəmir tellərlə yelpik kimi bağlanan, bəziləri isə çardağa dirənən əncir ağacları yaxşı bar versin deyə budanmışdı. Kollarda çiyələklər, şaxlarda noxudlar var idi. Bütün bunlara – bu səssizlik və səliqəyə baxmayaraq, bağça cığırında səhər-axşam o yana-bu yana gəzən, şəhərin gözü açılmamış tarlaları suvaran, budaqları, kolları budayan həsir kepkalı bir qoca gözə dəyirdi…
Bu qocanı kənddə heç kim tanımırdı. Kəndin əsas və tək küçəsindəki hər qapıda dayanan çörəkçidən başqa yanına gələn yox idi. Ara-sıra bəhərli bağ-bağatı, bu cür əlverişli torpağı olan evin satışa çıxarıldığını göstərən lövhəni görüb qapını döyənlər tapılırdı. Əvvəl evdən səs-səda gəlməzdi, ikinci dəfə döyərdilər, bu dəfə naleynlərinin səsi eşidilər və əsəbi qoca qapını aralayıb söyləyərdi:
— Nə istəyirsiniz?
— Məgər evi satışa çıxarmamısınız?
Qoca özünü güc-bəla ilə ələ alıb cavab verərdi:
— Bəli… Amma xəbəriniz olsun, çox pul istəyirlər.
Bir əli qapını örtməyə hazır dayanardı, digər əli də alıcı evə girməsin deyə yolu bağlayardı. Gözlərindən od yağardı, baxışları ilə gələni qovardı, bir əjdaha xəzinəni qoruyantək qoca da dirriynə, qum döşənən kiçik həyətinə gözətçilik edərdi. Yalnız onda alıcılar işin nə yerdə olduğunu başa düşərdilər. Satışa çıxarmasına baxmayaraq, satmaq istəməyən ev sahibini “dəli” adlandıranlar da az olmurdu.
Bir gün məsələnin əslini öyrəndim. Kiçik evin qarşısından keçərkən istər-istəməz daha çox mübahisə təsiri bağışlayan qızğın bir söhbətə qulaq verdim:
— Satmalısınız, ata, satmalısınız… Bizə söz verdiniz.
Qocanın səsi titrəyirdi:
— Əlbəttə, balalarım, mənim istədiyim də odur. Təbii ki… Baxın, lövhədə elan da asmışam.
Beləcə, Parisdə kiçik dükan sahibi olan oğullarının və gəlinlərinin qocanı bu sevdiyi yeri satmağa məcbur etdiyini öyrəndim. Nə üçün? Səbəbini bilmirəm. Ancaq bu da var idi ki, övladları işin boş yerə uzandığının fərqinə varmışdılar. O gündən sonra mütəmadi olaraq hər bazar gəlib yazıq qocanı verdiyi sözü tutması üçün narahat edirdilər.
Torpağın belə bütün həftə boyu şumlanmaqdan, əkilməkdən yorulub dincəldiyi bazar günlərinin dərin səssizliyində baş verənləri küçədən çox rahat eşidə bilirdim. Dükan sahibləri gah oyun oynayar, gah da bir-biri ilə mübahisəyə bənzər söhbət edirdilər. Bu qışqırıq səsləri arasında pul sözü bir-birinə dəyən çınqıllar kimi qulaqlarda cingildəyirdi. Axşam düşəndə hamısı çıxıb gedirdi. Qoca da onları yola salmaq üçün bir neçə addım qabağa gəlib sonra evinə qayıdırdı. Düz bir həftə rahat bir həyat yaşayacağı ümidi ilə əhvalı düzəlir və darvazanı bağlayırdı. Növbəti bir həftə ərzində ev səssizliyə qərq olurdu. Günəş istisindən yanan bağçadan ağır addımlar altında əzilən, ya da dırmıqla düzəldilən qumların xışıltısından başqa bir şey eşidilmirdi.
Amma övladları həftədən-həftəyə qocanı daha da sıxışdırır, daha çox narahat edirdilər. Dükançılar hər şeyə əl atırdılar. Axırda biçarə qocanın başını tovlayamaq üçün balaca uşaqlarını da özləri ilə gətirməyə başladılar. Nəvələri deyirdilər:
— Əlbəttə, ev satılandan sonra bizimlə birlikdə qalacaqsan, babacan. Görəcəksən, birlikdə necə xoşbəxt olacağıq, nə gözəl günlər keçirəcəyik.
Arxasınca da övladları bağçanın cığırlarında gəzərək gizli-gizli söhbətlər edir, pıçapıçla planlar qurur, yüksək hiss-həyəcandan doğan uca səslə hesabatlar aparırdılar. Bir dəfə qızlarından birinin:
— Daxmaya heç on qəpik də verməzlər. Oranı sökdürməkdən başqa çarə yoxdur, — deyə qışqırdığını eşitdim.
Qocadan sanki ölübmüş, evindən isə sökülübmüş kimi bəhs edirdilər. O isə gözüyaşlı, belinin donqarı çıxa-çıxa, üzərində meyvə axtarılanda sındırılacaq bir budaq təki gəzirdi. Həyatının bu kiçik torpaq parçasında kök salması o qədər açıq-aşkar bilinirdi ki, heç kimin heç vaxt onu buradan qoparmağa gücü çatmayacaqdı. Uzun sözün qısası, bacardıqca əlləşib-vuruşub, getmək gününü ertələyirdi. Yayın meyxoş meyvələrinin, gilasın, üzümün yetişməyə az qaldığını görüb öz-özünə deyirdi:
— Ağaclar bəhrəsini versin, sonra… dərhal evi satacağam.
Ancaq yay meyvələrindən sonra payız şaftalılarının, kişmiş üzümlərinin vaxtı çatırdı. Daha sonra qar altında toplanıb qalan o sulu, dadlı əzgillərin sırası gəlirdi.
Beləcə, qışın sərt vaxtı çatdı. Çöllər qarla örtülmüş, bağça bomboş idi. Artıq nə yoldan keçən var idi, nə də qapını döyüb evlə maraqlanan. Hətta bazar günləri dükançılar da gəlmirdilər. Yağışla, sellə üz-göz olan o gərəksiz lövhə də yol üstündə özü üçün o yana-bu yana yellənirdi. Qocanın qarşıda ağaclarını budayıb şuma toxum səpəcəyi rahat üç ayı var idi.
Nəhayət, qocanın övladlarının səbri tükəndi. Alıcıları fikrindən daşındırmaq üçün atalarının əlindən gələni etdiyini yəqinləşdirdilər. Bir çarə axtarıb tapdılar. Belə ki, gəlinlərdən biri qocanın qayğısına qalmaq bəhanəsi ilə burada yaşamağa başladı. Bu qadın səhərin erkən vaxtında bəzənib-düzənib alverə öyrəşən insanlar kimi gülərüz, süni təbəssümünü üzündən əskik etməyən, yaltaqlar kimi “şirindilli” bir dükançı arvadı idi. Elə bil yol onunkudur – qapını lap axıracan açıq saxlayıb yüksək səslə danışır və gəlib-keçənlərə:
“Buyurun, baxın, evimiz satılır”, – demək istəyirmiş kimi gülümsəyirdi.
Yazıq qocanın rahatlığı qalmamış, dincliyi pozulmuşdu. Bəzən qadının varlığını unutmaqdan ötrü bir ayağı məzarda olan – ölüm qorxusunu dəf etmək üçün başını qatan insanlar kimi göy-göyərti üçün yer belləyib toxum səpirdi. Dükançı arvadı kişinin yanından ayrılmayıb baş-beynini aparardı:
— Ay kişi, bunun sənə nə xeyri var? Özgələr üçün bu qədər zəhmətə qatlaşmaq nəyə lazımdır?
Qoca isə gəlinin heç bir sözünə cavab verməyib daha şövqlə işləyirdi.
Bağı özbaşına buraxmaq ondan əlini üzmək mənasına gəlirdi. Buna görə də cığırda nə alaq otu saxlayır, nə də gül qönçələrini qayğısız qoyurdu.
Zaman ötüb-keçirdi. Ancaq evə bir nəfər də olsa, alıcı gəlmirdi. Yəqin, ona görə idi ki, müharibə vaxtı idi. Qadın nə qədər qapını açıq qoysa da, yola nəzər salsa da, köç arabalarından başqa buradan ötüb-keçən olmurdu.
Gün keçdikcə qadın daha da öcəşkən olurdu. Parisdə iş-gücünü qoyub gəlmişdi, artıq qayıtmaq vaxtı idi. Qayınatasına acı sözlər dediyini, hər dəfə mübahisə ilə danışdığını, qapıları çırpıb örtdüyünü tez-tez eşidirdim. Qoca isə bircə kəlmə belə demədən boynunu büküb noxud şaxlarının çiçəklərinə, “Ev satılır” lövhəsinə baxaraq özünə təsəlli verirdi…
…Bu il bağa gələndə həmin ev yerli-yerində idi. Ancaq, təəssüf ki, lövhəni götürmüşdülər. Yarısı cırılan, yarısı çürüyən elan isə divarda o tərəf-bu tərəfə əsirdi. Artıq məsələ həll olunmuşdu: ev satılmışdı!
Tündrəngli evin qapıları başındakı kürəciklərlə birgə təzəcə yaşıl rənglə boyanmışdı. Arxa tərəfdə bağçaya açılan qapı qoyulmuşdu. Qapının qəfəs kimi barmaqlığı vardı, arasından bağçanı görmək olurdu. Keçənilki o bəhərli bağçadan əsər-əlamət qalmamışdı. Ortada şəhərlilərin zövqünə uyğun çiçək ləki, çəmənlik salınmış, şəlaləyə bənzər nə isə qurulmuşdu. Pilləkənin aşağısında göstəriş üçün qoyulan, o yana-bu yana sallanan böyük metal kürə bağçanın görüntüsünü ətrafa əks etdirirdi.
Bağçadakı stulun üstündə yayxanaraq oturan, tər içində qıpqırmızı qızaran kök qadın səhəngi qaldırıb:
— Xınagüllərinə on dörd səhəng su verdim, — deyə bağırdı. O elə bil div anası idi…
Evin üstünü bir mərtəbə artırmışdılar, bağça divarlarını rəngləyib təzələmişdilər. Hələ rənginin iyi getməyən, təzəcə təmirdən çıxan bu yerdə – küncdə bir pianinoda kadrillər və rəqs havaları çalınırdı. Yola yayılan, iyulun toz buluduna qarışan və dinlədikcə insanın qulağını yoran bu rəqs havaları, iri çiçəklər, arvadların hay-küyü, həddən ziyadə və bayağı nəşə ürəyimi darıxdırdı.
Bu bağçada keçən iləcən qayğısız gəzən xoşbəxt, sakit, yazıq qocanı düşünürdüm.
Gəlini kiçik “ticarət evi”nin gəliri ilə təptəzə bir piştaxtanın arxasında alqı-satqı edərkən Parisdə həsir kepkasını başına keçirən qoca, qozbel bağbanın darıxdığını, utandığını, ağlamsınaraq dükanın dörd tərəfində var-gəl etdiyini gözümün önündə canlandırırdım.
16.07.2026