Şeirlər

Mina Rəşid. Gün gələr bilərsiniz

Azərbaycanın böyük oğlu
Həsən bəy Zərdabinin dilindən
 

Gün gələr, bilərsiniz
Sizi necə sevmişəm.
El yolunda ömrümü 
Şam kimi əritmişəm.

 

Bundan ötrü heç kimdən
Mükafat ummamışam.
Bu zəhmət hədər getməz,
Boşuna yanmamışam.

 

Xalqımın balasını
İstərəm balam kimi.
Öz yurduma aşiqəm
Doğmaca anam kimi.

 

Bilirəm, cəfası çox,
Səfası az bu yolun.
Siz öz qələminizlə 
Qaranlığa nur olun.

 

Aranızda xainə
Bir an verməyin aman.
Sabaha ümidiniz
Azalmasın heç zaman.

 

Qoy gur yansın ocağı,
Övladı Zəfər yazsın.
Azərbaycan dünyada
Günəş kimi parlasın!