Əziz Sultan. Pələngin meymunlarla imtahanı
Qalın meşələrin birində bir pələng yaşayırdı. O həm çox güclü, həm də çox qəddar idi. Meşədəki heyvanlar ondan yaman qorxur, hər nərildəyəndə gizlənməyə yer axtarırdılar.
İki meymun balası ilk dəfə idi ki, analarından uzaqda oynayırdı. Meymun balaları bu ağacdan o ağaca, o ağacdan o birisinə tullana-tullana gəlib pələngin yatdığı ağacın üstünə çatmışdılar. Meymunların başı öz oyunlarına o qədər qarışmışdı ki, böyük alma ağacının altında yatan pələngi görmürdülər. Onların şən gülüşləri, çığır-bağırtıları bütün meşəni başına götürmüşdü.
— Tutdum səni!..
— Tuta bilmədin!..
— Ora tullana bilməzsən!..
— Yox, sən tullana bilməzsən!..
— Mən birinci çatdım!..
— Yox, mən birinci çatdım!..
Bu səs-küyün altında pələng yuxudan oyandı. Əvvəlcə gözlərini açmadan mırıldandı. Səs-küyün kəsilmədiyini görüb pəncələri üstə qalxdı və ağzını bacardığı qədər geniş açaraq bərkdən nərildədi. İti dişləri iki qılınc kimi meşənin ala-qaranlığında parıldadı. Qulaqdeşən səsindən bütün meşə lərzəyə gəldi. Yaxınlıqdakı ağaclardan bir neçə yarpaq budağından qopub süzülə-süzülə yerə düşdü.
Qorxudan səslərini kəsən meymun balaları bir-birinə qısıldı. Meymunlar qısıq, titrək səslərlə qorxduqlarını bildirməyə çalışdılar. Yatdığı ağacın üstündəki meymun balalarını görən pələng daha da əsəbiləşdi. Bu səfər onların gözlərinin içinə baxaraq qəzəblə nərildəməyə, caynaqları ilə ağacın gövdəsini didməyə başladı. Alma ağacının boyu hündür olsa da, gövdəsi nazik idi. İricüssəli pələng çətin ki ora dırmaşa bilərdi. Yenə də meymun balaları qorxudan tit-tir əsirdilər.
Bu haray-həşiri eşidən ana meymun qaçaraq özünü hadisə yerinə çatdırdı. Çığırtılı səslər çıxararaq pələngin ətrafında atılıb-düşməyə başladı. Qəribə hərəkətləri və qorxusuz həmlələri ilə onun diqqətini çəkməyi bacardı. Ana meymunun dalınca düşən pələng, nəhayət, ağacın altından aralanıb gözdən itdi. Meymun balaları isə özlərini ələ alıb cəld hərəkətlərlə o ağacdan o birinə, oradan da başqasına tullanaraq təhlükədən xilas oldular.
Aradan illər keçdi. Meymun balaları böyüdü. İndi onlar analarının köməyi olmadan da meşənin hər tərəfini gəzə bilirdilər. Bir gün meymunlar vaxtilə oynadıqları alma ağacını xatırladılar. İndi meyvə mövsümü olduğu üçün o dadlı almalardan yemək olardı. Lakin həmin ağacın altında yatan pələng də heç vaxt yaddaşlarından çıxmamışdı.
Meymun balaları səssizcə, ehtiyatı əldən buraxmadan bir ağacdan o birinə, o birindən bu birinə tullana-tullana alma ağacına yaxınlaşdılar. Bir də nə görsələr, yaxşıdır? Ağır döyüşlərdən yaralanmış həmin pələng iniləyə-iniləyə həmin yerdə – alma ağacının altında yatır. Üzü, gözü də yara içində. Pələngin bədənində açılan dərin cırmaq izlərindən qan axır, acı içində qıvranırdı.
Onun halını görən meymunlar əvvəlcə bir-iki dəfə çığırıb-bağırdılar, pələngin nə vəziyyətdə olduğunu yoxlamaq istədilər. Pələng nərildəməyə çalışsa da, heç ağzını belə aça bilmədi. Sanki fınxırırmış kimi xırıltılı bir səs çıxardı. Tamamilə taqətdən düşmüşdü. Bu səfər meymunlar həvəslə alma ağacına tullandılar. Meymunlardan biri yenicə qızarmağa üz tutan iri almalardan birini qoparıb dişlədi, qalanını yerdə yatan pələngin üstünə atdı. Pələng qabaq pəncəsini bir-iki dəfə tərpətsə də, bundan artıq heç nə edə bilmədi. Bu hərəkətdən ürəklənən digər meymun da bir alma qopardı, o da eynilə bir dişlək alıb qalanını pələngin üstünə atdı. Dişlənmiş alma pələngin başına dəydi. Pələng sarılı-qaralı uzun tükləri qana bulanmış iri başını yellədi, başqa heç nə etmədi. Meymunlar əmin oldu ki, bu pələng o pələng deyil, yəni əvvəlki gücündən əsər-əlamət qalmayıb. Bu səfər əllərinə keçən almaları və digər sərt meyvələri var gücləri ilə onun üstünə yağdırıb əylənməyə başladılar.
— Mənim atdığım dəydi!..
— Yox, mənim atdığım dəydi!..
— Mən vurdum!..
— Yox, mən vurdum!..
Meymunların əyləncəsi gün batana kimi davam etdi. Bir zaman onlara mərhəmət göstərməyən qəddar heyvana indi özləri də mərhəmət göstərmir, onun halına yazıqları gəlmirdi. Çünki balacalığında belə münasibət görmüşdülər. İndi onlar da eynisini təkrarlayırdılar. Yaxşılıq edən yaxşılıq görər, pislik edən pislik. Nə tökərsən aşına, o çıxar qaşığına. Həyat belə gəlib, belə də davam edir…
17.07.2026