Çinarə Köçərli. Şuşanın körpə qartalı
...Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən qəhrəmanım Vətən müharibəsi başlayandan bir dəqiqə belə dayanmaq istəməmiş, “Vətənim dardadır, mən getməliyəm”, - deyib yola düzəlmişdi.
Oktyabr ayının ilk həftəsi idi. Bu payız əvvəlkilərə heç bənzəmirdi. Göy üzünü bom-boz buludlar örtmüşdü. Hər şeyi qabağına qatıb o yan-bu yana sovuran sərt küləklər Qarabağ üzərində qopan fırtınanın carçısı idi. Bu torpaqların gözəl təbiətini bəzəyən cürbəcür bitkilər öz rənglərini itirmişdilər. Yamaclardakı çiçəklərin təravətləri getmişdi. Davamlı yağan yağışlar piyada irəliləyən igidlərimizə mane olmaqdan başqa, heç bir işə yaramırdı. Yağışlar belə solmuş çiçəklərin rəngini özünə gətirə bilmirdi.
Sərt küləklər buludları qabağına qatarkən Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd üzərinə qara buludlar çökmüşdü. Günlərlə döyüşlər getmiş, igidlər qəhrəmanlıqlar göstərmişdilər.
...Ətraf yaralılarla dolu idi. Otuzdan çox yaralı əsgəri çiynində daşıyan, ölümlə üz-üzə gələn dostlarını heç bir şey düşünmədən xilas etməklə cəsurluğunu göstərən bir qəhrəman da var idi onların arasında... Nə yaxşı ki, o, öncə mənim, sonra sizin qəhrəmanınız olmuşdu! O, döyüş yoldaşları ilə birlikdə Xocavənddən Qırmızı bazar istiqamətində irəliləyirdi. Yolçuluq Şuşaya doğru idi. Zülmət gecədə meşələrlə, dağlarla gizli hərəkət edirdilər. Otuz ildir, igidlərin gəlişini gözləyən dağların da sanki qəzəblərindən başlarını duman almışdı. Qorxunc şimşəklər də sanki “Haydı, igidlər, gəlin, həsrətə son qoyma zamanıdır”, - deyirdi. Az qala, qulaqları partladan göy gurultusu da igidlərin nərəsi idi.
İgidlərin içində illərlə yığılan nifrət bir azdan yolboyu rastlaşdıqları çayların sularına qarışıb gedəcəkdi.
Aslan ədası ilə addımlayan əsgərlər meşədə davamlı olaraq xain düşmənin minaatanlardan atəşinə məruz qalırdılar. Bu onları daha da mübariz edirdi. Bir-birlərinə ilkin tibbi yardım göstərir, ağrıkəsici iynə vurur, sarğı və juqut ilə qanaxmalarını kəsirdilər. Beləcə, atamın və silahdaşlarının hər günü,hər saatı, hər anı dastana çevrilirdi.
Qəhrəmanım nənəmə: “Ana, sizi təbrik edirik, Şuşa alındı, Şuşanın yüksəkliyinə çatmağımıza az qalıb”, - sözlərini yazmağa macal tapmışdı.
Dostları Famil əmi və Fərid əmi də atamla birlikdə Şuşa yüksəkliyinə qalxırdı. Birdən atam dönüb dostu Familin gözlərinə diqqətlə baxdı. Sanki ona nə isə deyəcəkdi. Gözlərindəki sevinc düşməni qartal kimi caynağına almasının sevinci idi. Lakin qartal kimi Şuşa səmasına da uçmaq arzusu var idi qəhrəmanımın.
Şuşa yüksəkliyinə çatıb oradan da daha yüksək zirvəyə ucalmağı istəmişdi. O heç bir söz demədən təpəyə doğru qalxdı.
09.07.2026