İbrət dərsi
- Dünən məktəbdən qayıdanda nənəmin tapşırdığı dərmanı almağı unutmuşdum. Danlanacağımı düşünüb işin içindən çıxmaq üçün yollar aradım, amma alınmadı.
- Yəqin, yenə baban məsələyə qarışıb. Elədir?
- Babam mənə elə ibrət dərsi verdi ki, ömürlük unutmaram. Əslində, günahkaram. Amma dərmanı almadığım üçün yox, yalan danışdığım üçün.
- Nə demisən ki?
- Vəziyyətdən çıxmaq üçün dedim ki, aptekə getdim, həmin dərman yox idi. Babam da çox həssas olduğu üçün, təbii ki, dərhal başa düşdü ki, yalan danışıram.
- Səni danladı?
- Danlasa idi, daha yaxşı olardı. Nahardan sonra məni yanına çağırıb Çin fəlsəfəsindən, Konfutsidən danışmağa başladı.
- Çin fəlsəfəsinin buna nə dəxli?
- Mən də sənin kimi, əvvəl heç nə başa düşmədim. Amma babam söhbəti bitirdikdən sonra nə demək istədiyini anladım. Əslində, bu hadisə mənə çox şey verdi, mənim üçün yeni bir dünya açdı. Həm də Konfutsi haqqında məlumat aldım. Heç bir söz demədən həyətə düşdüm, aptekə gedib nənəmə lazım olan dərmanı alıb gətirdim.
- Yenə başa düşmədim. Konfutsinin bu hadisə ilə nə əlaqəsi?
- Eramızdan əvvəl Çində yaşamış Konfutsi böyük filosof olmuş, pedaqoji fikirlərinə görə həm də ölkəsinin ilk böyük pedaqoqu sayılmışdır. O, ölkəni gəzib, dolaşır və öz təlimini təbliğ edirmiş. Onun təlimində insan birgə yaşayışın şərtləndirən beş fəzilət: insanpərvərlik, borc hissi, səmimilik, ədəb-ərkanlılıq və oğulluq ehtiramı kimi əxlaqi keyfiyyətlər xüsusi yer tutur.
- Əslində, bu fikirlərin hamısı islami dəyərlərdən xəbər verir. Deməli, bütün millətlər üçün ortaq olan bəşəri qanunlar və dəyərlər var. Onlara əməl etməklə yer üzü rahatlıq tapar.
- Düzdür. Babam deyir ki, bu gün də Konfutsi təliminin əxlaqi ideyaları Çində güclüdür. O həm də tövsiyə etdi ki, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Abbasqulu ağa Bakıxanovun əxlaqa dair fikirlərindən nümunələr toplayaq.
- Keçmişə qayıdış və ehtiram gələcəyə yoldur. Öz aramızdır, baban sənə yaxşı dərs verib.
- Konfutsi isə hamımıza.
Konfutsiyə görə, insanpərvərlik belə izah olunurdu: təvazökarlıq, təmənnasızlıq, qərəzsizlik, insanlara məhəbbət.
Borc hissi ilə bağlı Konfutsi belə deyirdi: “Nəcib insan borcu olduğunu düşünür, alçaq insan isə öz xeyrini güdür”.
Səmimilik verdiyi sözün üstündə duraraq əhdinə vəfalı olmaq, səmimi olmaq deməkdir.
Ədəb-ərkanlı olmaq qanunlara riayət etmək, adət-ənənələrə sadiq qalmaq deməkdir.
Oğulluq ehtiramı isə o deməkdir ki, kamilliyə can atan insan gərək böyüyə, valideynə ehtiram göstərsin...
09.07.2026