Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növüdür.
Bütün müasir ev heyvanları və mədəni bitkilər vəhşi növlərdən törəmişdir. Təsərrüfatda tut ipəkqurdudan da yan keçmək mümkün olmamışdır.
Əfsanəyə görə, dörd min il bundan əvvəl öz bağında isti çay içən Çin imperatriçasının fincanına ipəkqurdu baraması düşür. Onu çıxarmağa çalışan qadın sallanan ipək telindən dartır. Barama açılmağa başlayır, lakin sap bitmək bilmir. Məhz o zaman fərasətli imperatriça başa düşür ki, bu cür liflərdən iplik düzəltmək olar. Çin imperatoru həyat yoldaşının ideyasını bəyənir və tut ağacı (ağ tut) yetişdirməyi, onun üzərində isə ipəkqurdu tırtılları bəsləməyi əmr edir. Bu gün də Çində ipəyi bu hökmdarın adı ilə çağırırlar, minnətdar nəsillər isə onun özünü ilahə dərəcəsinə yüksəldiblər.
Kəpənəyin baramalarından gözəl ipək əldə etmək üçün az əmək sərf olunmurdu. İlk növbədə baramaları toplamaq, çeşidləmək və ən əsası — açmaq lazım idi, bunun üçün onları qaynar suya salırdılar. Daha sonra sapı ipək yapışqanı ilə möhkəmləndirirdilər, hansı ki, sonradan qaynar su və ya isti sabunlu məhlulla təmizlənirdi.
Boyanmadan əvvəl sap qaynadılır və ağardılırdı. Onu bitki mənşəli piqmentlərlə (qardeniya meyvələri, marena kökləri, palıd qozaları) və ya mineral piqmentlərlə rəngləyirdilər. Və yalnız bundan sonra — əllə və ya toxuculuq dəzgahında iplik toxunurdu.
Artıq eramızdan əvvəl dördüncü minilliyin ortalarında ipək parçadan geyimlər Çində adi hal idi. Bu heyrətamiz parçanın hazırlanma texnologiyası hələ uzun əsrlər boyu bütün dünya üçün sirr olaraq qaldı, axı ipəkqurdunu Çin imperiyasının hüdudlarından kənara çıxarmaq cəhdi ölüm cəzası ilə cəzalandırılırdı. İpəyin mənşəyi avropalılara müəmmalı və sehrli görünürdü. Bəziləri ipəyi nəhəng böcəklərin istehsal etdiyinə inanırdı, digərləri isə hesab edirdilər ki, Çində torpaq yun kimi yumşaqdır və buna görə də onu suladıqdan sonra ipək parçalar əldə etmək üçün istifadə etmək olar.
İpəyin sirri yalnız eramızın IV əsrində, Çin şahzadəsi öz nişanlısına — Kiçik Buxara kralına hədiyyə təqdim etdikdə açıldı. Bu, gəlinin öz saç düzümündə gizlədərək vətənindən gizrin çıxardığı ipəkqurdu yumurtaları (qrena) idi.
Avropalılar ipəkqurdu yetişdirməyi öyrəndikdən sonra da ipəyin böyük hissəsi Çindən gətirilməyə davam edirdi. Şərqdən qərbə doğru uzanan yollar şəbəkəsi — Böyük İpək Yolu vasitəsilə onu dünyanın bütün ölkələrinə daşıyırdılar. İpək libaslar lüks əşyası olaraq qalırdı, ipək həm də mübadilə valyutası rolunu oynayırdı.
Bu balaca ağ kəpənəyin qanadlarının açılışı 40–60 millimetrdir, lakin çoxillik becərilmə nəticəsində kəpənəklər uçmaq qabiliyyətini itiriblər. Ağız aparatı inkişaf etməyib, çünki yetkin fərd qidalanmır. Yalnız sürfələr (tırtıllar) yüksək iştahı ilə fərqlənir. Onları tut ağacının yarpaqları ilə bəsləyirlər. Tırtılların yeməyə "razı olduğu" digər bitkilərlə qidalandıqda isə lifin keyfiyyəti pisləşir.
Tut ipəkqurdunun tırtılları, üzəri sıx qabıqla örtülmüş və qrena adlanan yumurtalardan çıxır. İpəkçilik təsərrüfatlarında qrena lazımi temperatur və rütubətin saxlanıldığı xüsusi inkubatorlara yerləşdirilir. Bir neçə gündən sonra dünyaya uzun tüklərlə örtülmüş tünd-qəhvəyi rəngli, üç millimetrlik kiçik sürfələr gəlir.
Yumurtadan çıxmış tırtılları təzə tut yarpaqları olan xüsusi yemləmə rəflərinə köçürürlər. Bir neçə qabıqdəyişmədən sonra körpələr səkkiz santimetrə qədər böyüyür, bədənləri isə ağ və demək olar ki, tüksüz olur.
Barama verməyə hazır olan tırtıl qidalanmağı dayandırır və bu zaman onun yaxınlığına ağac budaqları qoyulur ki, o, dərhal onların üzərinə keçir. Qarıncıq ayaqları ilə budaqların birindən yapışaraq, tırtıl başını gah sağa, gah geriyə, gah da sola bulayır və alt dodağındakı "ipək" qabarığı ilə budağın müxtəlif yerlərinə toxunur.
Tezliklə onun ətrafında ipək sapdan kifayət qədər sıx bir şəbəkə yaranır. Sonra bu "usta" karkasın mərkəzinə sürünür və sapı sarımağa başlayır: sapı buraxaraq, tırtıl başını sürətlə fırladır. Bu yorulmaz toxucu barama üzərində təxminən dörd gün işləyir. Bundan sonra isə öz ipək beşiyində donub qalır və orada pupa çevrilir. Təxminən 20 gündən sonra pupdan kəpənək çıxır. O, qələvi tüpürcəyi ilə baramanı yumşaldır və ayaqlarının köməyi ilə nəsil artırmaq üçün tərəfdaş axtarışına başlamaq üçün güclə bayıra çıxır. Cütləşmədən sonra dişi fərd 300–600 yumurta qoyur.
Lakin hər tırtıla kəpənəyə çevrilmək qismət olmur. Baramaların böyük hissəsi xam ipək əldə etmək üçün fabrikə göndərilir.
Maraqlıdır ki, gələcəkdə erkək fərdlərə çevriləcək tırtıllar daha çalışqan işçilərdir; onların baramaları daha sıxdır, deməli, onlardakı sap daha uzundur. Alimlər sənaye istehsalında ipək çıxımını artırmaq üçün kəpənəklərin cinsini tənzimləməyi öyrəniblər.
01.07.2026