Təbiət

İnsan və biosfer

İnsanın təbiətə nə dərəcədə güclü təsir göstərməsi sizə bəllidir. Təsadüfi deyil ki, insanın yarandığı gündən biosferin inkişafının yeni antropogen mərhələsi başlayır.
 
Atmosferdə karbon qazının təbii dövranı sxeminə antropogen faktorları əlavə edin. Bu faktorların karbonun təbii dövranında etdiyi dəyişiklikləri və bunun canlılara təsirini əsaslandırın.
 
 
Biosfer öz-özünü tənzimləyən nəhəng bir sistemdir. Lakin insan cəmiyyətinin əmələ gəlməsi və onun fəaliyyətinin təbiəti kəskin dəyişməsi biosferin dinamik tarazlığını pozmağa başlamışdır. İnsanın təsiri ilə biosferin noosfer adlanan təbəqəsi yaranmışdır.
 
 
Biosferə mənfi təsir göstərən antropogen amillər getdikcə daha da çoxalır. Bəşəriyyət nəhəng enerji potensialına və yüksək texnologiyalara malik olmaqla həyat səviyyəsini yaxşılaşdırmaqla bərabər, bütün bu uğurların mənfi nəticələrinə də sahiblənmiş olur.
 
 
Yerin təkindən daş kömür, neft, qaz, metal və s. sərvətlərin çıxarılması zamanı buraxılan səhvlər, atom və hidrogen bombalarının sınaqdan keçirilməsi, müharibələr, rentgen qurğuları, atom sənayesinin inkişafı yeni ekoloji problemlərin ortaya çıxmasına gətirib çıxarır.
 
 
Elmi-texniki tərəqqi canlılar aləminin dəyişməsinə səbəb olur. Bir çox heyvan və bitki növləri yoxa çıxmaqda davam edir. Sənaye tullantıları havanı, suyu, torpağı çirkləndirir, meşə sahələri durmadan azalır. Zəhərli kimyəvi, radioaktiv maddələr qida zənciri vasitəsilə canlılar arasında geniş yayılaraq orqanizmlərdə müxtəlif fəsadlar törədir.
 

Biosenozun bir komponenti kimi belə maddələr insan orqanizminə də daxil olur.

 

Təbiətdə birtərəfli aparılan dəyişikliklər mənfi nəticələrə səbəb olur. Su hövzələrinin yaradılması yeraltı suların səviyyəsini yüksəldir, ətrafda olan meşələrin məhvinə səbəb olur. İnsan su hövzələrinin üzərində bəndlər tikərkən keçici balıqların nəslinin kəsiləcəyinin fərqinə varmır. Zavod, fabrik və müxtəlif nəqliyyat vasitələri tərəfindən atmosferə buraxılan zərərli qazların qlobal təhlükə mənbəyi olmasını sanki dərk etmir.

 

İnsan təbiətin qanunauyğunluqlarını bilməyərək onu pozur, təbiət üzərində qələbəsinin məhvedici nəticəsini təsəvvür etmir.

 

Təbiət hadisələrinin pozulması ayrı-ayrı dövlətlərin sərhədlərini keçir. Bu isə bütün biosferin qorunmasında beynəlxalq səylər tələb edir. Biosferin qorunmasının əsas strategiyasını hər kəs bilməlidir:

 

1. Biosferdə həyatın mövcudluğunu təmin edən əsas sistemlərin və proseslərin saxlanılması;

 

2. Canlı təbiətin genetik fondunun qorunub saxlanılması;

 

3. Təbii sərvətlərdən istifadə edərkən onların tükənmə təhlükəsinin aradan qaldırılması;

 

4. Ətraf mühitin çirkləndirilməsini ən böyük qlobal hadisə hesab edərək onun mümkün qədər minimuma endirilməsi və yaxud tam dayandırılması.