Gülzar İbrahimova. Siçan əhvalatı
Qış tətilində Rəşadla Lalə kənddə idilər. Kənd o qədər xoşlarına gəlmişdi ki, şəhərə qayıtmaq istəmirdilər.
Uşaqlar həmişəki kimi çoxlu qartopu oynayıb yorulsalar da, heç kəs evə getmək istəmirdi. Onlar bir yerə yığışıb qərara gəldilər ki, Nəcəf babadan xahiş etsinlər, onlara maraqlı hadisə danışsın.
Bu, soyuq qış gecələrində uşaqların ən xoşladığı şey idi. Nəcəf baba uşaqları sobanın başına yığır, onlara maraqlı əhvalatlar danışırdı. Bu dəfə də Nəcəf baba uşaqların ona tərəf gəldiyini görəndə başa düşdü ki, onlar yenə də babadan təzə hekayət istəyəcəklər.
Belə də oldu. Lalə babaya yaxınlaşıb dedi:
- Nəcəf baba, istəyirik bizə maraqlı hadisə danışasan!
Uşaqlar da ona qoşuldular:
- Nəcəf baba, xahiş edirik!
Nəcəf baba razılaşdı:
Keçin evə, yığılın sobanın ətrafına!
Hamı evə girdi. İsti sobanın ətrafında yerlərini rahatlayandan sonra Nəcəf baba söhbətə başladı:
Sizin yaşdaydım. Kənd məktəbində oxuyurdum. Bir gün dərsdən yorğun evə gəldim. Böyük qardaşım dedi:
Bir həftəliyə Bakıya gedirəm, ataya demişəm, hazırlaş, səni də aparım. Sevindiyimdən əlimdəki çantanı necə tulladımsa, çanta gedib ot tayasının üstünə düşdü. Qardaşımın boynuna sarılıb o üzündən-bu üzündən öpdüm. Mən heç təsəvvür də eləmirdim ki, bir gün Bakıya gedəcəyəm, özü də qatarla. Bu mənim çoxdankı arzumdu.
Tez qaçıb təzə paltarlarımı geyindim. Yola düşdük. Bakı elə xoşuma gəldi. Nə isə...
Bir həftədən sonra kəndə qayıtdıq. Özümü xoşbəxt hiss edirdim. Elə bil, bütün arzularım həyata keçmişdi. Qatar sübh tezdən kəndə çatmışdı. Dərsin başlanmasına az qalırdı. Evə girib çantamı axtardım, tapa bilmədim. Birdən yadıma düşdü ki, axırıncı dəfə çantamı ot tayasının üstünə atmışdım. Tez qaçıb həmin yerə baxdım. Çanta elə atıldığı yerdə də qalmışdı. Götürüb dərsə yollandım.
Birinci dərsdə dinc dura bilmirdim. Yanımdakılara Bakıdan danışmaq istəyirdim. Müəllim mənə neçə dəfə irad tutdu. Amma yenə də sakitləşmədim. Axırda müəllim hirsləndi:
Gündəliyini gətir, sənə «2» yazacağam! Onda ağlın başına gələr.
Qorxudan əlim-ayağım əsdi. Nə qədər çantamı açmaq tədim aça bilmədim. Müəllim elə bildi yalan deyirəm. Dedi ki, gətir çantanı, özüm açacağam!
Çantanı müəllimin yanına apardım. Çantanın açar yerinə qədər şeh düşmüşdü ki, paslanmışdı. Müəllim onu birtəhər açdı. Amma açdığına da peşman oldu. Çantanın içərisində 7-8 dənə siçan balaları çıxıb ətrafa səpələndilər. Qışqıran kim, partaların üstünə çıxan kim, çıxıb dəhlizə qaçan kim...
Nə isə... Əməlli-başlı dərs pozudu. Müəllimin hirsindən rəngi qaralmışdı. Özü də bir küncə çəkilmişdi. O elə bilirdi ki, mən bunu biilə-bilə eləmişəm və yəqin ki ürəyində mənə ən ağır cəza növü fikirləşirdi. Bir az bundan qabaqkı xoşbəxtliyimdən əsər-əlamət qalmamışdı. Elə bu fikirlərlə birdən müəllimənin səsini eşitdim. Onun qışqırığından bircə bunu başa düşdüm:
Çıx bayıra sinifdən. Məni ələ salmağın sənə baha başa gələcək! Tez valideynlərin yanıma gəlsin! Səni məktəbdən qovdurmasam...
Əlbəttə ki, valideynim məktəbə gəldi. Müəllimə dil-ağız eləyəndən sonra onu inandırdı ki...
Çantam bir neçə gün ot tayasının üstündə qaldığından bir siçan ora girmiş və orada da balalamışdı.
Hekayətin bu yerində uşaqlar elə gülüşdülər ki, uzun müddət sakitləşə bilmədilər. Onların heç ağlına da gələ bilməzdi ki, belə bir iş ola bilər. Uşaqlar sakitləşəndən sonra Nəcəf baba hekayətinin davamını danışdı:
Hə, uşaqlar, qulaq asın gerisinə. Atam bir xeyli and-aman eləyəndən sonra müəllimi güclə inandıra bilmişdi. Yalnız ondan sonra müəllim məni yavaş-yavaş bağışlasa da, hər dəfə məni görəndə nifrətlə baxırdı.
Bugünkü hekayətim bu qədər!
Uşaqlar Nəcəf babanın hekayətinə çox maraqla qulaq asdılar. «Siçan» əhvalatı onların o qədər xoşuna gəldi ki, uzun müddət gülməkdən uğunub getdilər.