Nağıllar, hekayələr

Ülkər Nurullayeva. Uğurun sirri

Paltardəyişmə otağında ağır sükut var idi. Hamı pərt vəziyyətdə oturub başını aşağı salmışdı. Qapı açıldı Rüfət müəllim otağa daxil oldu.
 
 
- Hə, uşaqlar, növbəti oyunu da uduzduq... Özü də 1:4 hesabı ilə. Nə baş verir? Niyə qalib gələ bilmirsiniz?
 
 
Heç kimdən səs çıxmadı. Elə bil qurbağa gölünə daş atmışdılar.
 
 
- Kapitan, bəlkə, sən deyəsən? - Rüfət müəllim üzünü Ceyhuna tutdu.
 
 
- Müəllim, mən nə edim?! Yeganə qolu mən vurdum. Oynaya bilmirlər də!
 
 
- Bəs sənə topu kim ötürdü? - Natiq dözməyib onun üzünə bozardı.
 
 
- Bacarırdın, özün vurardın.
 
 
Uşaqların hay-küyü otağı başına götürdü. Rüfət müəllim səsini qaldırmalı oldu:
 
 
- Sakit!.. Biri top ötürdü, biri qol vurdu... Bunlar səbəb deyil. Fakt budur ki, siz məğlubiyyətə uğradınız. İndi mən istəyirəm, oyun taktikasını müzakirə edəsiniz. Boşluqları tapasınız.
 
 
Ceyhun qəti səslə dedi:
 
 
-Qapıçını dəyişmək lazımdır. Mən saydım: onlar beş dəfə hücuma keçdilər, dördü qolla nəticələndi. Nihad eləcə qapıdan kecən topların dalınca baxırdı.
 
 
Nihad ağlamsındı:
 
 
Mən nə edə bilərdim?! Onların hücumçuları hər dəfə mənimlə təkbətək çıxırdılar. Axı mən o boyda qapını tək necə qoruya bilərəm?! Müdafiəmiz...
 
 
Rüfət müəllim onun sözünü kəsib söhbətə yekun vurdu:
 
 
- Uşaqlar, mən oyunu diqqətlə izləyirdim. Sizin hər biriniz fiziki və texniki baxımdan rəqib oyunçulardan üstün idiniz, Amma uğuru onlar qazandılar. Bilirsiniz niyə?.. Növbəti məşqdə səbəbini sizə izah edəcəyəm. Sabah saat 3-də idman zalında görüşərik. Minifutbol məşqimiz olacaq.
 

Uşaqlar idman zalına daxil olanda təəccübdən donub qaldılar: döşəmə rəngli şarlarla dolu idi. Rüfət müəllim uşaqları sıraya düzüb dedi:

 

- Bu şarların üzərində sizin adlarınız yazılıb. İki dəqiqəyə hərə öz adı yazılmış şarı tapmalı və sırada yerini tutmalıdır. Unutmayın, bu, komanda oyunudur. Diqqət! Bir... iki... üç! - O, fit çaldı. - Vaxt getdi!

 

Oğlanların arasına çaxnaşma düşdü. Bir-birini itələyir, yerdən şarı götürüb baxır, sonra uzağa tullayırdılar. Nəhayət, Natiq əlində şar müəllimin yanına qaçıb sevincək dedi:

 

- Müəllim, budur, tapdım.

 

- Sıraya dur, hələ 40 saniyə var, - Rüfət müəllim sərt səslə dedi.

 

Vaxt bitənə qədər daha iki nəfər öz şarını tapdı. Qalanları şarların arasında pərişan və çarəsiz halda dayanmışdılar. Tapanların arasında Ceyhun da var idi. Rüfət müəllim ona yaxınlaşdı:

 

- Ceyhun, deyəsən, sən də sevinirsən?! Fərqində deyilsən ki, komandan uduzub. Axı mən xəbərdarlıq etmişdim: bu, komanda oyunudur. Sizin hər biriniz o zaman qalib gələ bilərdiniz ki, komandanın bütün üzvləri öz şarlarını tapsınlar.

 

Rüfət müəllim hamını yenidən sıraya düzüb dedi:

 

- Bir daha cəhd edəcəksiniz. Amma taktikanı dəyişirik. İndi hər kəs yerdən bir şar götürsün, üzərində kimin adı yazılıbsa, ona versin.

 

Fit çalındı. Heç bir dəqiqə keçmədi ki, hər kəs öz adı yazılmış şarı alıb sıraya qayıtdı.

 

Rüfət müəllim gülümsəyərək dedi:

 

- Afərin, uşaqlar, indi evə gedə bilərsiniz.

 

- Müəllim, bəs məşq?..

 

- Siz bu gün yaxşı məşq etdiniz. Bu dərs yalnız növbəti yarışlarda deyil, həyatınız boyu sizə lazım olacaq...