Lev Tolstoy. Balaca qız və göbələklər
İki balaca qız göbələk dolu səbətləri ilə evə qayıdırdı. Yollarının üstündə bir dəmir yolu vardı. Onu keçmək lazım idi.
Qatarın çox uzaqda olduğunu düşünüb relsləri keçmək üçün təpəyə dırmaşdılar.
Birdən gələn qatarın səsini eşitdilər. Qızlardan daha böyüyü geriyə döndü, kiçiyi isə tez relsləri keçmək üçün irəli qaçdı.
– Geri dönmə! – deyə bacısı qışqırdı.
Amma qatar çox yaxınlaşmışdı, səs-küyü də çox artmışdı. Balaca qız bacısının nə dediyini düz-əməlli eşitməmişdi. Elə bildi ki, “geri dön, qaç” deyir. Geriyə dönüb relslərin arası ilə qaçmağa çalışdı. Birdən ayağı ilişdi, səbəti əlindən düşdü, göbələklər ətrafa dağıldı. Balaca qız bir-bir göbələkləri toplayıb səbətinə yığmağa başladı.
Qatar lap yaxınlaşmışdı. Maşinist balaca qızı görüb dəli kimi qatarın fitini çalırdı.
– At o göbələkləri! – deyə bacısı qışqırırdı.
Amma balaca qız yenə eşitdiklərini səhv başa düşdü, elə bildi bacısı deyir ki, göbələklərin hamısını toplasın. Yerə əyilib əlləri və ayaqları ilə iməkləyərək göbələkləri toplamağa tələsdi.
Maşinist nə etsə də, artıq qatarı dayandıra bilməzdi. Var gücü ilə bir daha fit çaldı və böyük vaqon qızın üzərindən keçdi.
Böyük bacı çığıırıb ağlamağa başladı. Bu vaxt gözləri pəncərələrə dikilmiş sərnişinlər də nə baş verdiyini həyəcanla izləyirdilər. Qatar bələdçisi sonuncu vaqona doğru qaçıb nə olduğuna baxdı.
Qatar keçib-gedəndən sonra hər kəs kiçik qızın heç tərpənmədən relslərin arasında üzüqoylu uzandığını gördü.
Qatar uzaqlaşanda isə kiçik qız başını qaldırdı, dizlərinin üstündə dayandı, yerdə qalan göbələkləri də tələsik yığıb bacısının yanına qaçdı!…
07.05.2026