Xəbərlər

Travmatoloq: Uşaqlarda sınıqların uzunmüddətli fəsadlarının qarşısını almaq mümkündür

Uşaqlarda ən çox yuxarı və aşağı ətraflarda sınıq, çıxıq yaranır. Bilək sınıqları əl üzərinə düşmə zamanı yaranır, daha çox zədələnən mil və dirsək sümükləridir. Kiçikyaşlı uşaqlarda sümüküstlüyü qalın olduğuna görə, adətən, bu sınıqlar sümüküstlüyüaltı (subperiostal) olur və az yerdəyişmə ilə müşahidə edilir. Nümunə olaraq, “yaşıl budaq” sınığını göstərmək olar. Yerdəyişmə varsa, sınıq qapalı düzəliş edilərək gips sarğısı ilə fiksasiya olunur. Said sümüklərinin müştərək sınıqlarının müalicəsi də uşağın yaşı az olduqda gips sarğısı ilə aparılır, amma daha böyük yaşlarda yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi müdaxilə tələb edə bilər.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev səsləndirib.

 

Travmatoloq-ortoped uşaqlarda fiziki travmaların ən çox müşahidə edilən növləri barədə məlumat verib: “Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər. Fiziki travmalar isə müxtəlif səbəblərdən yaranır və ciddi fəsadların olmaması üçün vaxtında müdaxilə lazımdır. Daha çox rast gəlinən səbəblər yıxılmalar, nəqliyyat və idman zədələridir. Uşaqlar kiçik yaşlarda tarazlıqlarını qoruya bilmədiklərinə görə tez-tez yıxılaraq travma alırlar və bu müxtəlif sınıqlara səbəb olur. Yuxarı və aşağı ətraf sınıqları ön sıralardadır. Yuxarı ətraf sınıqları çiyin, dirsək və bilək nahiyəsinin travmaları zamanı yaranır və hər nahiyənin yaşa uyğun olaraq fərqli müalicə üsulu var. Dirsək oynağı sınıqlarının müalicəsi daha çox diqqət tələb edir. Nəqliyyat travmaları yüksək enerjili travmalara aiddir. İdman zədələri isə hər hansı bir fiziki aktivlik zamanı yaranır. Məsələn, güləş zamanı körpücük, dirsək və bilək sınıqlarının rast gəlmə tezliyi digər sümüklərdən çoxdur. Uşaqlarda sınıq olan nahiyədə güclü və davamlı ağrı hiss olunur. Tərpənən zaman ağrılar daha da güclənir. Zədə bölgəsində ödem yaranır və dəri qızara bilər. Bu, toxumaların zədələnməsi və qan dövranının pozulması nəticəsində baş verir. Uşaq sınıq olan nahiyəni hərəkət etdirməkdə çətinlik çəkir və ya tamamilə hərəkət etdirmək istəmir. Yerdəyişmiş sınıqlar zamanı ətrafda deformasiyalar yaranır. Sınıq nəticəsində qan damarları zədələndiyi üçün göyərmələr əmələ gələ bilər. Bəzi hallarda sınıq bölgəsində qeyri-normal hərəkətlilik və ya sümüklərin bir-birinə sürtünməsi hiss oluna bilər ki, buna da krepitasiya deyilir”.

 

Nuşrəvan Şahverdiyev qeyd edib ki, uşaqlarda sınıqların uzunmüddətli təsirləri travmanın növünə, yerinə, müalicə keyfiyyətinə və uşağın yaşına bağlı olaraq dəyişir. Sümüklər uşaqlıq dövründə daha elastik və sağalma qabiliyyəti yüksək olsa da, bəzi hallarda uzunmüddətli fəsadlar yarana bilər: “Təəssüf ki, sınıq düzgün bitişmədikdə sümük əyrilikləri, ətrafda qısalmalar olur. Oynaqətrafı sınıqlar gələcəkdə erkən artrit və hərəkət məhdudiyyəti yaradır. Böyümə zonasına təsir edən sınıqlar sümüyün qeyri-bərabər böyüməsinə və ya vaxtından əvvəl bağlanmasına səbəb ola bilər ki, bu da gələcəkdə deformasiyalar və travma almış ətrafın sağlama nisbətdə qısa olmasına gətirib çıxarar. Sınıq səbəbindən uzun müddət hərəkətsiz qalmaq əzələ gücünün azalmasına təkan verir. Bəzi sınıqlar damar və sinirlərə təsir edərək həmin nahiyədə qan təchizatının azalmasına və hissiyyat itkisinə səbəb olur. Bunlarla yanaşı, ağır sınıqlar uşaqlarda qorxu və hərəkət etməkdən çəkinmə hissi yaradır. Fiziki məhdudiyyətlər və bərpa prosesi uşaqlarda sosial həyatdan uzaqlaşma və özgüvən problemləri ilə nəticələnə bilər. Bəzi ağır sınıqlar uşaqların gələcəkdə idman və ya fiziki fəaliyyətlərdə iştirakına mane olur. Bunların qarşısını almaq üçün düzgün ortopedik müalicə və reabilitasiya, fizioterapiya, gücləndirici məşqlər, psixoloji dəstək və motivasiya vacibdir. Erkən diaqnoz və düzgün müalicə ilə uşaqlarda sınıqların uzunmüddətli fəsadlarının qarşısını almaq mümkündür”.