Xəbərlər

Fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür

Fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi qadınların və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində rolunun nə qədər vacib olduğunu cəmiyyətə xatırlatmaqdır. Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2015-ci dekabrın 22-də qəbul etdiyi qətnaməsi ilə təsis olunub və o vaxtdan bəri gender bərabərliyinin elmdə təşviqi üçün mühüm platformaya çevrilib.

 

AZƏRTAC xəbər verir ki, 2026-cı ildə bu əlamətdar gün “Baxışdan təsirə: Gender fərqini aradan qaldıraraq STEM-i yenidən müəyyən etmək” mövzusuna həsr olunub. Bu yanaşma artıq sadəcə çağırışlar və müzakirələrlə kifayətlənməyərək, real nəticələr verən təcrübələrin, uğurlu modellərin və konkret həll yollarının önə çıxarılmasını hədəfləyir. Məqsəd elmdə hər kəs üçün daha açıq, daha ədalətli və daha inklüziv mühit formalaşdırmaqdır.

 

UNESCO və BMT-nin son illərə aid məlumatları göstərir ki, qadınlar dünyadakı tədqiqatçıların hələ də üçdə birindən azını təşkil edir. Xüsusilə texnologiya sahəsində bu fərq daha qabarıqdır. Süni intellekt və data elmi istiqamətində çalışanların təxminən 26 faizi qadınlardır, bulud texnologiyaları sahəsində isə bu göstərici cəmi 12 faizə yaxındır. Qadınların bu sahələrdə az təmsil olunması cəmiyyətdə insanlara mənfi təsir göstərən nəticələrə yol açır.

 

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün məqsədi 2030-cu ilədək heç bir qadını elmdən kənar saxlamamaqdır.

 

BMT-nin Baş katibi Antonio Quterreş bu gün münasibətilə dünya ictimaiyyətinə ünvanladığı müraciətdə bildirib ki, elmdə bərabərlik bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Təhsilə çıxışın artmasına baxmayaraq, qadınlar hələ də maliyyə çatışmazlığı, gender stereotipləri və iş yerlərində ayrı-seçkilik səbəbindən ciddi maneələrlə üzləşirlər.

 

Müraciətdə qeyd olunur ki, qadınları elmdən kənarda saxlamaq iqlim dəyişikliyi, ictimai sağlamlıq və texnoloji təhlükəsizlik kimi qlobal problemlərin həllində bəşəriyyətin imkanlarını zəiflədir. Bu problemlərin öhdəsindən gəlmək üçün hər bir qızın STEM sahəsində gələcəyini təsəvvür edə bilməsi və hər bir qadının elmi karyerasında inkişaf üçün real şəraitə malik olması vacibdir.

 

Məhz bu səbəbdən BMT və UNESCO qadın və qızları STEM sahəsində təqaüdlər, təcrübə proqramları və mentorluq layihələri ilə dəstəkləyir.

 

Azərbaycanda son illərin statistik göstəriciləri elm sahəsində qadınların, xüsusilə də gənc tədqiqatçıların rolunun sürətlə artdığını və gender bərabərliyi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu təsdiqləyir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə ali təhsil müəssisələrinə qəbul olan qızların sayı oğlanları üstələməyə başlayıb. Dövlətimiz tərəfindən təhsilin müasir tələblərə uyğunlaşdırılması istiqamətində uğurlu addımlar atılır. Qızların təhsilinə dəstək layihələri çərçivəsində minlərlə tələbə qız müxtəlif tədqiqat və inkişaf proqramlarında iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasında 1977 qadın əməkdaş fəaliyyət göstərir. Onlardan 385-i elmlər doktoru, 269-u isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Bu göstəricilər ölkədə qadınların elmdə getdikcə daha fəal mövqe tutduğunu göstərir.

 

Ali Attestasiya Komissiyasının 2025-ci il üçün açıqladığı statistikada gənc qadınların fəlsəfə doktoru dərəcəsinə marağının kişiləri xeyli üstələməsi diqqətçəkən əsas məqamlardan biridir. Belə ki, ötən il elmi dərəcə alan 474 nəfərdən 359-u qadın olub. Fəlsəfə doktoru dərəcəsi alanlar arasında qadınlar (322 nəfər) kişilərdən (152 nəfər) iki dəfədən çox üstünlük təşkil edib. Gənc qadın tədqiqatçıların üstünlük verdiyi sahələr arasında filologiya (87 nəfər), biologiya (43 nəfər), iqtisad (34 nəfər) və tibb (32 nəfər) elmləri liderlik etsə də, texnika elmləri üzrə 26 qadının fəlsəfə doktoru dərəcəsi alması xanımların artıq STEM sahələrinə inamla daxil olduğunu göstərir.

 

Bundan başqa, elmi işçilər arasında qadınların çoxluğu müşahidə olunur; onların təxminən 59,2 faizi qadınlardır.

 

Bu müsbət tendensiya, eyni zamanda, gənc alimlərimizin beynəlxalq səviyyədə tanınması ilə müşayiət olunur. Məsələn, 2025-ci ilin reytinq nəticələrinə görə, gənc azərbaycanlı alim Sona Quliyevanın aerokosmik tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu “Aerokosmik və aviasiya sahəsində ən yaxşı 100 qadın” siyahısında ilk üçlükdə yer alması Azərbaycan elmi üçün tarixi nailiyyətdir.

 

Gənc qadınların elmdəki bu fəallığı təkcə akademik göstəricilərin yaxşılaşmasına deyil, həm də cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəlməsinə, erkən nikahlar kimi sosial problemlərin azalmasına və ölkənin innovativ gələcəyinin daha sağlam təməllər üzərində qurulmasına xidmət edir.