Trilobitlər
Trilobitlər (lat. Trilobita) - 200 milyon ildən çox əvvəl tamamilə məhv olmuş, yalnız Paleozoy dövründə yaşamış dəniz buğumayaqlılarının ən geniş yayılmış nümayəndələridir. Trilobitlərin əmələ gəlmələri, inkişaf etmələri və yer üzündən yox olmaları bütün Paleozoy dövrü baş vermişdir. Var olma dövrü 550 milyon il əvvəl başlamış və təxminən 300 milyon il davam etmişdir. Xüsusən erkən Paleozoyda o qədər trilobit var idi ki, növlərin sayı və müxtəlifliyi baxımından o dövrdə yaşayan çoxhüceyrəli heyvan qruplarının əksəriyyətini üstələmişlər. Buna görə Mezozoy erası (təxminən 70-230 milyon il əvvəl) dinozavrlar dövrü adlandırıla bilərsə, Paleozoy dövrü - trilobitlər dövrü sayılır.
11 dəstəsi, 200-dən çox ailəsi, 5 min cinsi və 17 min növü mövcud olub.
İlk dəfə "Trilobita" adı Valx (Walch) tərəfindən təklif edilmiş və ümumiyyətlə 1771-ci ildə qəbul edilmişdir. Lakin trilobitlər ilk dəfə Llvoyd tərəfindən 1698-ci ildə "Trinuclei" adı ilə təsvir edilmişdir. Trilobitlər daha sonra Linnaeus tərəfindən 1745-ci ildə "Entomolithes" adı ilə təsvir edilmişdir.
Trilobitlərə həsr olunmuş ilk əsərlər əsasən təsviri xarakter daşıyırdı, lakin artıq XIX-cu əsrdə bu qrupu təsnif etmək cəhdləri olmuşdu (1822-ci ildə Bronyar, 1852-ci ildə Barrand və s.). Trilobitlər, paleozoy dövrünə aid suxurlarda qalıqlarına tez-tez rast gəlinməsi və vacib stratiqrafik əhəmiyyəti səbəbindən bir çox tədqiqatçıların diqqətini çəkir. 19-cu əsrin əvvəllərində işləyən ilk trilobit tədqiqatçıları arasında Bronyar, Dalman, Green, Pander, Emmrich, Burmeister adını çəkmək olar.
Trilobitlər Yer üzündə yalnız fosil qalıqları şəklində qalmışdır. Trilobitlərin Yer üzündə təxminən 300 milyon il mövcud olmasına kömək edən həyat tərzinin nə olduğunu anlamaq üçün paleontoloqlar, bioloqlar, demək olar ki, hər yerdə geniş yayılmış mövcud buğumayaqlıları dərindən müşahidə edirlər.
Buğumayaqlılar hər yerdə: quruda və yeraltında, şirin suda və duzlu suda, göllərdə və okeanların dibində, qarda və isti bulaqlarda, Arktikada və Antarktidada, dağlarda və səhralarda yaşayır. Buğumayaqlılar, çox ehtimal ki, çoxhüceyrəli heyvanlar üçün mümkün olan bütün bəslənmə yollarını mənimsəmişlər. Sellüloz və mum kimi həzm olunmayan maddələrlə qidalana bilər, neft karbohidrogenləri və hətta metan istehlak edə bilərlər. Bir sözlə, təəccüblü bir şəkildə ətraf mühitə uyğunlaşıblar. Buna görə də Planetimizdə 500 milyon ildirlər kı mövcuddurlar. Trilobitlər isə onların aralarında ən qədimlərdən biridir.
Trilobitlərin uzunluğu təxminən 80-90 sm-ə qədər idi. Ölçüsü və növündən asılı olmayaraq, bütün trilobitlər bənzər üç hissəli bədən quruluşuna sahib idi və məhz bu xüsusiyyətinə görə adı "Trilobit" adlandırılmışdır. Trilobit üç əsas hissəyə sahibdir: baş (cephalon), seqmentli gövdə (döş qəfəsi - thorax) və quyruq çanağı (pygidium).
Əksər müasir buğumayaqlıların yaxşı inkişaf etmiş gözləri var. Bunlar sadə (bir və ya iki linzalı) və mürəkkəb və ya yönlüdür, bir neçə on, yüz, hətta minlərlə sadə gözdən ibarətdir. Paleozoy trilobitlərin də gözləri eyni idi. Trilobitlərin nəhəng yönlü gözlərinin görmə səthləri bu canlıların çoxunun 360 dərəcə ətrafında bir anda görə biləcəyi şəkildə yerləşmişdir.
Günümüzdə rast gəlinən trilobit qabığının müxtəlif formaları hər kəsi təəccübləndirir: hamar, yumru, dikənli, nəhəng və kicik gözləri olan, iki hissədən və ya bir neçə gövdədən ibarət olan və s. Bütün bu fərqlilik bu canlıların həyat tərzi və qida rasionu xüsusiyyətini qiymətləndirməyə imkan verir.
Deməli, qida rasionu və həyat tərzi müxtəlif olan müxtəlif qabıqlı (çanaqlı) onlarla trilobit növü eyni yerdə yaşayıblar.
Əvvəllər trilobitlərin (planktonik növlər xaricində) qurbanı tutmaq üçün yalnız üzvi maddələrlə zəngin torpaq qatını udaraq yeyə biləcəklərinə inanılırdı. Bu yaxınlarda bəzi trilobit növlərinin şübhəsiz yırtıcı olduğunu göstərən yeni dəlillər ortaya çıxdı. Bunu İsveçdəki bir tapıntı sübut edir: süxurun üstündə yerdə yaşayan bəzi canlıların izləri və trilobitlərdən qalan "izlər" tapılıb. Trilobitin izi yerdə yaşayan heyvanın izini örtür. Paleontoloqlar belə bir nəticəyə gəliblər ki, tribolitin bu növü torpaqda yaşayan heyvanları axtarıb yeyirmiş. Yakutiyada bağırsağı tərkibi ilə qorunmuş trilobitlərə rast gəlinib. Tərkibində dəniz dibi heyvan cəsədlərinə- süngərlər və braxiopodların hissəcikləri aşkar edilmişdir.
23.04.2021