Nağıllar, hekayələr

Məhəmməd Hicazi. Göz həkimi

Gözümdəki zəiflik dərəcəsini yoxlatdırıb eynək almaq üçün göz həkiminə getmişdim. Müayinə üçün gözləyərkən bir dostumla rastlaşdım. Haraya getdiyimi soruşdu. Oradan-buradan danışıb sözü başqa yerə çəkdim. Əlbəttə, söhbətin davamı daha məntiqli idi. Ancaq həqiqəti gizlətdim deyə özümə əsəbiləşdim.

 

Daxilimdə özümlə danışmağa, mübahisə etməyə başladım. Başa düşdüm ki, gözlüyə ehtiyac duyduğumu heç kimin bilməsini istəmirəm. Vicdanımı rahatlaşdırmaq üçün filosof və alimlərin göz zəifliklərini gizlətmək məqsədilə başqalarının yanında yazını uzaqdan tutub oxumağa çalışdıqlarını düşünərək özümə təsəlli verdim. Bu düşüncələr zənciri uzandıqca uzandı. İşlərimizin böyük bir qisminin görk üçün olduğunu, narahatlığımızın da bundan qaynaqlandığının fərqinə vardım. Layiq olmadığımız şeyi ədalətsiz yolla əldə etmək bahasına olsa da, zorla özümüzü fərqli göstərmək istəyirik. Daha gərəkli, daha bilikli, daha dürüst və daha gözəl görünmək arzusundayıq. Daim bu sərhəddə əziyyət çəkirik.

 

Görəsən, aramızda: “Mən dostluq üçün yaradılmamışam. Dostluq iddiasında olmağıma baxmayaraq, fədakarlıq və sədaqətdən yoxsulam. Üstəlik, bir az da qısqancam. Dostlarımın xoşbəxtliyi məni o qədər də məmnun etmir. Kiməsə həvəsləndirib dağ başına qaldırmaqdan zəhləm gedir. Ümumiyyətlə, insanların nə üçün bunu etdiklərini qətiyyən anlamıram”, – deyən alicənab bir insan varmı? Heç açıq və ya örtülü şəkildə özünün yaxşı, başqalarının isə pis tərəflərindən danışmayan bir insanla yarımca saat da olsa, söhbət etmisinizmi?

 

Sözlərimizə, davranışlarımıza diqqətlə fikir versək, özümüzdən utanarıq. Görk üçün qatlaşdığımız bu qədər uşaqcasına iztirabdan sonra bezginlik duyğusu daxilimizi ələ keçirər, ya da özümüzü oyun meydançasında hiss edər, halımıza acı-acı gülərik.

 

İnsan nümayişin və özünü üstün görməyin məhkumluğu olmasaydı, görəsən, həyatı necə keçərdi? Daha yaxşı olardı, yoxsa daha pis? Nə isə… Məqsədim bunları sadalamaq deyil.

 

Göz həkiminin gözləmə otağında vaxtımı keçirirdim. Qarşımda qoca bir kişi oturmuşdu. Qara eynəyi var idi və başını aşağı salmışdı. Ara-sıra əllərini, ayaqlarını tərpədərək enişli-yoxuşlu xəyallarına yol açırdı. Mən də öz düşüncə burulğanımda “İşlərimin düyününü açacağam, ya da yeni bir düyün də vuracağam” qayğısı ilə ona diqqət edirdim. Nə fikirləşdiyini bilmək istəyirdim. Əlini yuxarı qaldırdığı vaxt kiminlə dalaşdığını, özündən necə bir zərəri uzaqlaşdırdığını, barmaqlarını ovcunda alma fırladırmış kimi hərəkət etdirəndə dünyanın sonsuz xoşbəxtliklərini “oğurlamaq” üçün hansı planlar qurduğunu bilmək istəyirdim.

 

Təsadüfən digər bir oturacaqda anasının yanında əyləşmiş, yeddi-səkkiz yaşında bir uşağın gözlərini maraqla mənə dikdiyini gördüm. Anladım ki, biz bir-birimizi cəlb edirik. İnsanları görmək bizim böyük ehtiyac və əyləncələrimizdən biridir. Lap dar küçələrdən insanların bir-birini itələyə-itələyə keçdiklərinin fərqinə varmısınız? Onlar geniş, tənha yerlərdə gəzməkdənsə, bu əziyyətə qatlaşmağı daha üstün tuturlar. Buna səbəb bir-birini yaxından görmək, fikir və düşüncələrini bir-biri ilə paylaşmaq duyğusudur.

 

Elə bu vaxt başqa bir qoca içəri daxil oldu. O, bayaqdan bəri uzatdığım düşüncələr zəncirini qırıb atdı. Gözünün yaxşı görmədiyi bəlli idi. Qapı-divardan tuta-tuta irəliləyirdi. Birinci qoca şəfqətlə əlini ona uzatdı və dərddaşının əlindən tutub yanında oturtdu. Söhbət etməyə başladılar. İlk cümləni eşitmədim. Ancaq birdən-birə səsləri yüksəldi:

 

– Doğru deyirsiniz?! Siz mənim həm köhnə dostum, həmkarım, məsləkdaşımsınız?

 

Digəri daha yüksəkdən qışqırdı:

 

– Nə əcəb dünya! Sürprizlərlə doludur! Mən sizi daha yaxşı halda, daha gözəl yerdə təsəvvür edirdim!..

 

Gözləri yaxşı görmədiyi üçün təəccübləndiklərini mimika ilə deyil, səs-küylə ifadə edirdilər. Mən də onların söhbətinə qulaq verdim. Birincisi dedi ki:

 

– Dostum, nə üçün bizimlə münasibətini kəsdin? O qədər nazın, təhqirin, pis rəftarın səbəbi nə idi? Gəl düzünü deyim. Otuz beş il keçib, olan olub, günahı heç kimin boynuna yıxmaq istəmirəm. Ancaq bir hadisəni heç unuda bilmirəm. Düz otuz beş il əvvəl səhər söhbətləşirdik, bizə iş verməyənlərdən gileylənirdik. Elə o vaxt nazirin köməkçisi gəlib məni çağırdı. Yanına qayıdanda Xorasana təyin edildiyimi söylədim. Rəngin dəyişdi, üzün avazıdı, əvvəl qızarıb sonra sapsarı olan siman mənə hər şeyi anlatdı. O xəbəri dostluğumuza güvənərək sevinc içində sənə vermişdim. Ancaq sən o gündən bəri mənə düşmən oldun. Nə qədər məktub yazdımsa da, cavab ala bilmədim. Hətta arxamca pis danışdığını da eşitdim. Nə qədər qısqanc olduğunu, buna görə necə əzab, iztirab çəkdiyini anladım. Sənə ürəyimiz yanırdı. Amma, təəssüf ki, kömək edəcək halda deyildim. Eh, kaş ki o vəzifəyə getməyəydim… Başıma gəlməyən bəla, müsibət qalmadı. Məhv oldum, məndən əsər-əlamət qalmadı…

 

Digəri özündən asılı olmayaraq, içində gülüş gizlənən təəccüblə dedi:

 

– Qəribədir… Axı eşitdiyimə görə, sən o səfərdən qazanclı çıxmısan… Hətta bu qədər qazancı necə əldə etdiyini soruşmasınlar deyə tacirliyə başlamısan. Əlbəttə, tacirin sərmayəsi də, hər şeyi də olur. Mən bədbəxt isə elə hey yerimdə addımlayıram. Allah şansını bol eləsin. Bu cür boş sözlərin mənası yoxdur. O gün nazir səni yerinə məni həmin vəzifəyə təyin etsəydi… Nə deyim, həmişə bir addım qabaqda olmusan.

 

Birinci qoca əlini əlinə vurub xeyli güləndən sonra təəssüflə dedi:

 

– Vallah, bu otuz beş ildə heç dəyişməmisən, elə əvvəlki adamsan. Gör bu illər ərzində mənim iqbalımı düşünərək nə qədər əzab-əziyyət çəkmisən. Təəssüf edirəm… Bunca iztirabın əbəs olub… İndi mənə qulaq as. Bilirsənmi, o vəzifədən qazancım nə oldu? Əziz həyat yoldaşım dünyadan köçdü. Oğlum çiçək xəstəliyinə tutuldu, bir müddətdən sonra o da dünyasını dəyişdi. Dərələyəzdə idim və bu müsibətlə işdən istefa verməyə məcbur oldum. Elə də etdim. İki ildən sonra pulsuzluq ucbatından Tehrandakı evimi satdım, onu da dolanışıq üçün yeyib qurtardım. Qalanı ilə də ticarətə başladım. Yoxluq içində nə çəkdiyimi bir mən bilirəm, bir də Allah. Üç dəfə uçurumun kənarına gəldim, gəldim, yenə gəldim… amma bacarmadım, hər dəfəsində Allahdan qorxub geri qayıtdım… İndi isə sənin yanında oturmuşam, vəziyyətim də göz qabağındadır.

 

İkinci qoca təlaşla qışqırdı:

 

– Həqiqətənmi? Bütün danışdıqların doğrudurmu? İndi heç nəyin qalmayıb?

 

Birinci qoca gülümsədi:

 

– Həsəncan, əmin ol, ürəyin rahat olsun. Mən səndən daha bədbəxtəm. Səni nə qədər çox istədiyimi bilmirdinmi? Əslində, elə indi də elədir. Hələ də istəyirəm. Dostluq keçib-gedən ömür kimi unudulmaz. Gəl zamanın ikimizin də qəlbində buraxdığı sevgisizlik və ayrılıq mayasına baxmayaraq, keçmişi unudub son günlərimizi birgə, xoş keçirək. Gözlərimiz görməsə də, heç olmasa, bir-birimizin səsi ilə təskinlik tapaq. Ancaq sən də bu dostluqdan zövq almaq üçün gərək məni qısqanmayasan.

 

İkinci qoca utanaraq başını aşağı əydi:

 

– Mənim haqqımda səhv fikirdəsən. Ancaq hər halda, bu andan etibarən yenidən sənin dostun olmağa hazıram. İkimizdən biri cənnətə gedəsi olsa, zorla səni göndərəcəyəm, – dedi.

 

Bu ah-vay etməyin üzüntüsündən, peşmanlıq və pozulan əhdin, dostluğun yenidən düzəlməsinin verdiyi sevincdən dolayı gözlərim doldu, qəhərləndim. Öz-özümə: “Görən gözümü aydınlaşdırmağa gəlmişdim, könül gözüm nurlandı. Necə ibrətamiz dərs aldım. Kaş bu söhbəti bütün dünya eşidəydi, hər yer gülüş olardı”, – dedim. Buradan çıxandan sonra qırılan dostluq bağlarını möhkəmləndirməyə qərar verdim.

Elə bu zaman həkimin köməkçisi gəlib “buyurun” dedi. Birinci qoca ayağa qalxıb otağa doğru getdi. Əziz dostu Həsən isə:

 

 

– Məni çağırmalı idiniz. Gözüm artıq kor olur. Nə olsun ki birinci o gəlib? Əvvəl gəlmək birinci içəri girmək haqqı demək deyil. Bu nə ədalətsiz məhkəmədir! – deyə bağırdı.

 

Birinci qoca geri qayıtdı. Kədərli və ümidsiz halda:

 

– Gördünmü, Həsən? Yenə yola gedə bilmədik, yenə bacarmadın! – dedi.

 

Anladım ki, söz vermək, razılığa gəlmək pis xislətin çarəsi deyil. Əfsus… çox əfsus…