Xəritələrdə təsvir üsulları
Xəritələr xüsusi şərti işarələrin köməyi ilə sanki bizimlə danışır. Pambıq, taxıl əkilməsi, neftin daşınması, bitki və heyvan növlərinin yayılması xəritələrdə xüsusi şərti işarələrin köməyi ilə verilir. Lakin hər bir xəritədə obyekt və hadisələri şərti işarələrin köməyi ilə təsvir etmək olmur. Rənglərin müxtəlif çalarları, ştrixlər, nöqtələr və oxların köməyi ilə xəritədə bir neçə komponent təsvir olunur.
Tematik xəritələrdə müxtəlif təsvir üsulları tətbiq edilir. Bu üsullara keyfiyyət fonu, izoxətlər, hərəkət xətləri, areal, nöqtələr üsulu və s. daxildir.
Keyfiyyət fonu üsulu təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə fərqləndirildikdə tətbiq olunur. Bu zaman xəritədə müxtəlif rəng çalarları istifadə edilir. Məsələn, fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla təsvir olunur.
İzoxətlər üsulu xəritədə hər hansı hadisə və prosesləri xarakterizə edir. İqlim xəritəsindəki izotermlər, izobarlar, izogiyetlər, eləcə də fiziki xəritədə relyefi ifadə edən horizontallar (izohipslər) izoxətlərlə göstərilir.
Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüləri və sayı onların kəmiyyət göstəricilərini ifadə edir. Bu üsul əhalinin yerləşməsini, heyvanların sayını göstərir.
Areal üsulu da xəritələrdə coğrafi obyektlərin yayıldığı əraziləri təsvir edir. Faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələr arealların köməyi ilə göstərilir. Arealları təsvir etmək üçün əvvəlcə xəritədə konturlar çəkilir, sonra isə göstərilən elementlərin yayılma sahəsi rənglənir və ya müxtəlif şərti işarələrlə qeyd olunur.
Hərəkət xətləri üsulu yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir. Okean cərəyanları, çayların axın istiqaməti, dənizdə gəmilərin hərəkəti, təyyarələrin, avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.
07.10.2026