Bu maraqlıdır!

"Qəzmədaş" oyunu

Günlük əyləncələrdə uşaqların oyun vəsaiti kimi daha asan tapdıqları və onunla müxtəlif oyunlar oynadıqları daş oyunları əhəmiyyətli yer tutur. Bu oyunlar xüsusi diqqət tələb edən və əl-göz bacarığı ilə əlaqəlidir, çox geniş yayılıb. Daş oyunlarından Azərbaycanda “Beşdaş” oyunu müxtəlif bölgələrimizdə fərqli adlarla eyni qayda ilə oynanılır. Naxçıvanda “Qəzmədaş”, “Qəcəmədaş”, “Qıcmadaş”, “İtit”, “Beşdaş”, Şəkidə “Dənləmədaş” və Azərbaycanın bir çox bölgəsində “Qəzmədaş” və ya “Beşdaş” kimi bilinən bu oyun Anadoluda da əsasən “Beştaş” adıyla eyni şəkildə oynanılır. Adından da məlum olduğu kimi, həm Azərbaycanda, həm də Anadoluda oyun beş daşla oynanılır. Oyunun Azərbaycanda müxtəlif adlarla adlandırılması isə oyunun oynanış şəklindən irəli gəlir. Belə ki, qəzmə//qəcəmə//qıcma sözləri də hazırda Naxçıvanda işlədilən “qərcimək” sözündən gəlir, bunun da mənası heç kəsə imkan vermədən cəld tutmaqdır. Oyunda yerdəki daşları bir-bir götürərkən göyə atılan saqqa daşı yerə düşmədən tutmaq məsələsi əsasdır. Şəkidə söylənən ifadədən də anlaşıldığı kimi, “Dənləmədaş”dakı dənləmə daşları bir-bir götürmək mənasındadır. 


Anadoluda oynanılan “Beştaş”ın sonu Azərbaycan variantından bir az fərqlənir. Burada orta barmaqla bərabər digər barmaqlar çəngəl formasına salınaraq daşlar arasından keçirilir. Sonda göyə atılan daş Anadoluda əlin tərsi ilə, Azərbaycanda əlin içilə tutulur. Anadoluda “Beşdaş” oyununun bənzər şəkildə oynanılan “Balıq ağzı”, “Biccil”, “Əldaşı” kimi müxtəlif növləri də mövcuddur.