Təbiət

Sifonoforlar

Milyonlarla heyrətamiz canlı okeanların dərinliklərində yaşayır. Onlardan biri - Sifonoforlardır (lat. Siphonophorae yun. siphon — boru, phoros — daşıyıçı) - hidroidlər sinfinə aid sərbəst üzən dəniz heyvanları dəstəsi. Dəniz Növlərinin Dünya Reyestrinə görə, bu dəstə 175 növdən ibarətdir.

 

Sifonoforlar, senosark adlanan ümumi bir bədənə sahib polimorf koloniyalar meydana gətirirlər. Hər bir senosarkda “zooid” adlanan on, yüz, hətta minlərlə fərdi canlı var. Bunlar tək bir mayalanmış yumurtadan əmələ gələn və qidanı həzm edə biləcək və çoxaltmağa qadir olan funksional koloniyalar yaratmaq üçün birləşən çoxhüceyrəli canlılardır. Ölçüləri 1 sm-dən 3 m-dək olur. Bədəni rəngsiz və şəffafdır. Bəziləri əlvandır. Koloniyanın fərdləri xüsusi gövdə üzərində yerləşir. Gövdənin təpə hissəsində çox zaman üzmə qovuğu və ya pnevmatofor olur. Onun içərisi qazla (əsasən, azot qazı) dolu olub koloniyanı suda şaquli istiqamətdə saxlamağa kömək edir.

 

Bəzi sifonoforlarda (lat. Physalia) üzmə qovuğu sudan kənara çıxır və yelkən vəzifəsi daşıyır. İnkişaf (çoxalma) metamorfoz yolu ilə gedir. Sərbəst üzən sürfəsi (planula) tumurcuqlanmaqla cavan koloniya əmələ gətirir.

 

250 növü tropik dənizlərdə yaşayır. Bəzi iri tropik sifonoforlar, məsələn, uzunluğu 10 m-ə çatan Fizaliya adlanan Portuqaliya gəmiciyi insan üçün təhlükəlidir.

 

Sifonoforlar yırtıcı canlılardır, onların vacib hissəsisini poliplər - qastrozoidlər təşkil edir. Hər qastrozoidin Arkançik adlanan uzun, tikan-təhər çıxıntılı quyruğu var. Arkançik başqa canlıya batdıqda zəhərlənmə baş verir.  Arkançik qastrozoidin geniş ağzı tərəfindən udulan ovu tutur və iflic edir. Xərçəngkimilər və balıqlara qədər kiçik orqanizmlərlə qidalanır.

 

Sifonofor koloniyaları bir neçə metr uzunluğa çata bilər. Ningaloo Kanyonları ekspedisiyası bu yaxınlarda Qərbi Avstraliya sahillərində həqiqətən nəhəng bir koloniya ilə qarşılaşdı. Tapılan orqanizm Apolemiya növünə aiddir. Tədqiqatçıların fikrincə, koloniyanın uzunluğu təxminən 47 metr idi. Alimlərin qeyd etdiyi kimi, tapılan koloniya, ehtimal ki, indiyə qədər qeydə alınan ən böyük koloniya olub. Ən azı bir milyon fərdi zooiddən təşkil olunmuşdur.