
Böyük Qafqazın cənub yamaclarında qərar tutan, əlverişli təbii şəraiti, tarixi abidələri ilə zəngin Oğuz rayonu Bakıdan 268 kilometr aralıda yerləşir. Böyük Qafqaz sıra dağlarının başı qarlı zirvələri, sıldırım keçidləri, gur çayları bu bölgə üçün xarakterik təbiət mənzərələridir. Buna görə də Oğuzu bəzən obrazlı şəkildə “Azərbaycanın İsveçrəsi adlandırırlar”.
Bu yerlərin təbiəti eyni zamanda zəngin torpaq və bitki örtüyü ilə də fərqlənir. Ərazisinin çox hissəsi meşələrlə örtülüb. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var.
Təbii şəraiti və iqlim xüsusiyyətləri turizm infrastrukturunu inkişaf etdirməyə imkan verir. Təbiət qoynundakı turizm mərkəzləri, müasir otellər istirahət üçün olduqca münasibdir.

Oğuz dünyanın ən qədim yaşayış məskənlərindən biri olub. Ötən əsrin ortalarında aparılan arxeoloji tədqiqatlar zamanı ərazidə neolit və eneolit dövrünə aid bir sıra maddi-mədəniyyət nümunələri aşkar edilib. Qədim nekropollar, Alban ibadətgahları Oğuzun qədim tarixinin nişanələridir. Oğuzdan Dağıstana doğru istiqamətlənən iki böyük keçid var. Çətin keçilən bu keçidlərdə orta əsrlərdə Azərbaycanın şimal sərhədlərinin müdafiəsi məqsədilə tikilən Govur, Surxayxan qalaları, Muxas qülləsi və digər istehkamlar xalqımızın ulu tarixini özündə yaşadır.

Dağ zirvəsində çay daşı və kirəcdən tikilən Qovurqala abidəsi Oğuzun qədim memarlıq nümunələrindən biridir. İki mərtəbəli, 7 bürclü, 12 otaqlı bu qalanın VII əsrdə tikildiyi bildirilsə də, bəzi mənbələr onun tarixinin atəşpərəstlik dövrünə gedib çıxdığını göstərir. Qala elə bir coğrafi mövqedə yerləşir ki, buradan dörd bir yanı - Qəbələ, Şəki, Ağdaş ərazilərini, eyni zamanda geniş üfüqləri adi gözlə müşahidə etmək mümkündür.
Bu ərazidəki daha bir qalanın XVIII əsrdə Qazıqumuqlu Surxay xan tərəfindən tikildiyi bildirilir. Ətrafdakı yaşayış evlərinin qalıqları Surxayxan qalasının son orta əsrlərə aid qala - şəhər olduğunu söyləməyə əsas verir.
Muxas qülləsi isə eyni adlı kəndin şimalında, dağ yamacında, Daşağıl keçidində yerləşir. Eramızın IX əsrində tikildiyi güman edilən bu qüllənin hündürlüyü 11 metrdən çoxdur.

Oğuzun Daşüz adlanan ərazisində vaxtilə mövcud olan 9 kurqandan 5-i öz ilkin formasını indi də saxlayır. Onların Tunc dövrünə aid olduğu təsdiqlənib.
Bundan başqa, Kərimli kəndində XV əsrə aid edilən türbə, Xaçmaz kəndinin yaxınlığında, Sarısu çayının üstündəki Daşüz körpüsü, 1849-cu ildə inşa olunan, gözəl memarlıq üslubuna malik yəhudi sinaqoqu və daha neçə-neçə abidə rayona gələn turistlərin böyük marağına səbəb olur.
Oğuz rayonu həm də çoxmillətli bölgədir. Hazırda burda azərbaycanlılarla yanaşı məshəti türkləri, ləzgilər, udilər, yəhudilər, ruslar və digər millətlərin nümayəndələri yaşayırlar.