Oğuz
Böyük Qafqazın cənub yamaclarında qərar tutan, əlverişli təbii şəraiti, tarixi abidələri ilə zəngin Oğuz rayonu Bakıdan 268 kilometr aralıda yerləşir. Böyük Qafqaz sıra dağlarının başı qarlı zirvələri, sıldırım keçidləri, gur çayları bu bölgə üçün xarakterik təbiət mənzərələridir. Buna görə də Oğuzu bəzən obrazlı şəkildə “Azərbaycanın İsveçrəsi adlandırırlar”.
Oğuz dünyanın ən qədim yaşayış məskənlərindən biri olub. Ötən əsrin ortalarında aparılan arxeoloji tədqiqatlar zamanı ərazidə neolit və eneolit dövrünə aid bir sıra maddi-mədəniyyət nümunələri aşkar edilib. Qədim nekropollar, Alban ibadətgahları Oğuzun qədim tarixinin nişanələridir. Oğuzdan Dağıstana doğru istiqamətlənən iki böyük keçid var. Çətin keçilən bu keçidlərdə orta əsrlərdə Azərbaycanın şimal sərhədlərinin müdafiəsi məqsədilə tikilən Govur, Surxayxan qalaları, Muxas qülləsi və digər istehkamlar xalqımızın ulu tarixini özündə yaşadır.
Dağ zirvəsində çay daşı və kirəcdən tikilən Qovurqala abidəsi Oğuzun qədim memarlıq nümunələrindən biridir. İki mərtəbəli, 7 bürclü, 12 otaqlı bu qalanın VII əsrdə tikildiyi bildirilsə də, bəzi mənbələr onun tarixinin atəşpərəstlik dövrünə gedib çıxdığını göstərir. Qala elə bir coğrafi mövqedə yerləşir ki, buradan dörd bir yanı - Qəbələ, Şəki, Ağdaş ərazilərini, eyni zamanda geniş üfüqləri adi gözlə müşahidə etmək mümkündür.
Oğuzun Daşüz adlanan ərazisində vaxtilə mövcud olan 9 kurqandan 5-i öz ilkin formasını indi də saxlayır. Onların Tunc dövrünə aid olduğu təsdiqlənib.01.08.2014