Sehrli küp
Biri var idi, biri yox idi. Qədim zamanlarda bir keçəl var idi. O, dağın ətəyində yerləşən bir kənddə yaşayırdı. Keçəlin kasıb bir daxması və kiçik bir həyəti var idi. O, hər il yazda həyətini şumlayır, buğda əkirdi. Yığdığı buğdadan un çəkib qışa saxlayırdı. Bu kəndin qışı uzun və sərt keçirdi, ona görə də hamı qışa hazırlıq görürdü.
Keçəlin iki toyuğu var idi, bir gün o toyuqları üçün dağın ətəyinə ot yığmağa getmişdi. Birdən o, otların arasında köhnə bir küp gördü. Əyilib küpü yerdən qaldırdı. Küpün rəngi getmişdi, qulpu isə sınıqdı. Keçəl düşündü:" Toyuqlarımın yumurtasını bu küpə yığaram".
Keçəl evə qayıtdı. Əski ilə küpün tozunu silib, sandığın üstünə qoydu. Axşam düşdü, keçəl yıxılıb yatdı. Səhəri gün yuxudan oyandı, toyuqlarının yumurtalarını küpə qoymaq istəyəndə , gözlərinə inanmadı. Küp ağzına kimi yağla dolu idi. Keçəl yağın bura necə gəlib düşdüyünü anlaya bilmədi. Amma çox sevindi, yağı çörəyin üstünə çəkib yedi.
Bu hadisə səhəri gün də təkrar olundu, bu dəfə küpdə ət var idi. Keçəl daha heç nə fikirləşmədi, əti götürüb yemək bişirdi. Bundan sonra küp hər gün keçələ bir şey verirdi, düyü, toyuq, çörək və başqa şeylər.
Keçəl bu şeylərdən yeyib kökəlmişdi, daha bostanda işləmir, və buğda əkmək haqda düşünmürdü. Qarşıdan gələn qış onu qorxutmurdu, çünki sehirli küpünə arxayın idi.
Yay keçdi, payız da bitdi, qış qapının ağzını aldı. Keçəl hər gün küpün verdiyi yeməklərdən yeyirdi. Amma o, qışa hazırlaşmamışdı. Nə buğdası var idi, nə də bir kisə unu.
Bir dəfə kəndə möhkəm qar yağırdı. Keçəl evdə sobanın yanında oturub küpdən çıxan toyuğu yeyirdi. Birdən qapı döyüldü, keçəl qapını açdı və qoca bir qarı gördü. O, qarını evə dəvət etdi. Sobanın yanında otuzdurdu və qarıya yemək verdi. Qarı keçəlin küpün içindən yemək, çörək, sonra meyvə çıxardığını görüb təəccübləndi.
Bu sirri soruşanda, keçəl ona küpün sehirli olduğunu söylədi. Qarı nənə dedi ki, bu sirri heç kimə deməyəcək. Gecə keçəl və qonaq yatdılar, səhər açılanda keçəl durub gördü ki, nə küp var, nə də qarı. O, küpü də götürüb, qaçıb.
Keçəl həyətdə oturub başına döyüb ağlamağa başladı.:" İndi mən nə edəcəm, küp mənə hər şey verirdi, daxmanın altında acından öləcəm" Onun həmişəki kimi buğdası yox idi ki, dəyirmana aparıb çəksin, un eləyib evə gətirsin.
Elə bu vaxt evin yanından bir kişi keçirdi. O, keçəlin ağlamağını eşidib, həyətə girdi və keçələ yaxınlaşıb niyə ağladığını soruşdu. Keçəl başına gələni ona danışdı.
31.08.2021