Şeirlər

Mina Rəşid. Turşsu indi bal dadır

Hamının üzü gülür,
Bu nə sevincdir belə?
Nənəm heç sevincini 
Gətirə bilmir dilə. 


Babam sanki uşaqdır,
Sevincindən ağlayır.
Daha onun qəlbini 
Yurd nisgili dağlamır.

 

 


Şuşa dağ başındadır,
Buludları başında.
Turşsu indi bal dadır,
Cıdır düzü yarışda.


Ruhu gülür Vaqifin,
Üzeyirin, Bülbülün.
Natəvana yaraşır
İndi Xarıbülbülüm.


Bu yurdun oğulları 
Necə mərddi, igiddi.
Şuşatək bir qalanı, 
Qaytarmaq möcüzədi.