Mina Rəşid. Mərhəmət
Vüqar əlində dönər parkda skamyada əyləşmişdi. Birdən yanına kiçik bir it gəldi və ona baxıb quyruğunu bulamağa başladı. Vüqar bundan heç xoşlanmadı, tez dönərini gizlətməyə çalışdı. O, istəyirdi ki, it gedəndən sonra rahatca oturub yeməyini yesin. Amma it əl çəkmək istəmirdi. Elə bu vaxt Vüqarın sinif yoldaşı Kənan da oradan keçirdi. O, Vüqarı görən kimi onun yanında əyləşdi. Kənan da özünə dönər almışdı. İt hələ də orada idi. Kənan itə baxdı, gülümsədi, tez dönərindən bir parça kəsib ona verdi. İt sevincək payını götürüb oradan uzaqlaşdı. Vüqar bu səhnədən çox təsirləndi. Dostuna deməsə də, öz-özünə düşündü. Axı nə üçün o da Vüqar kimi belə sevinclə öz payından itə vermədi...
Axşam yatmağa hazırlaşanda anası Vüqarı fikirli gördü. Onun saçlarını oxşadı və soruşdu:
-Niyə fikirlisən belə?
-Vüqar çəkinə-çəkinə dedi:
-Bu gün mən parkda Kənanla dönər yedim. O, öz yeməyindən itə verdi, amma mən vermədim...
-İndi peşman olmusan?
-Hə, it nə qədər üstümə gəlsə də, ona yemək vermədim. Kənan isə onu görən kimi əzizlədi, sevinclə dönərindən ona kəsib verdi...
-İndi de görüm, bir də, it sənə yaxınlaşsa nə edərsən?
-Hirslənmərəm, ona da yeməyimdən verərəm.
-Nə üçün?
-Axı o da yemək istəyir, yazıqdı...
Anası Vüqarı qucaqladı:
-Mənim ağıllı balam, mərhəmət, insaf insanın zinətidir. Tutaq ki, sinifdə kimsə yeməyə heç nə gətirməyib və ya buna imkanı olmayıb. Sən onunla paylaşmalısan. Axı sənin də başına belə bir iş gələ bilər. Həmişə ətrafına baxmalısan. Bəlkə kiminsə sənin yardımına ehtiyacı var...
Vüqar o gün çox şeyi anladı. Böyüdükcə qəlbi-gözü açıldı. O, mərhəmətli, xeyirxah bir insan oldu.