Təbiət

Təbii ehtiyatlar

İnsanlar maddi ehtiyaclarını ödəmək, maddi məhsullar istehsal edən zavod və fabriklərin xammalla təminatı üçün təbii ehtiyatlardan istifadə edir. Yerin geoloji inkişafı mürəkkəb, təbii şəraiti müxtəlif olduğuna görə təbii ehtiyatlar da çoxçeşidlidir. Təbii ehtiyatlar Yer üzərində qeyri-bərabər paylanır. Ona görə bu nemətlərin əldə edilməsi uğrunda ölkələr arasında daim mübarizə gedir.

 

Təbii ehtiyatlar - əhalinin yaşaması və təsərrüfat fəaliyyəti üçün istifadə edilən təbii sərvətlərdir. Təbii ehtiyatların bir hissəsi birbaşa istifadə olunur, digər qismi isə emal edilir. Təbii ehtiyatların əsas növlərinə günəş enerjisi, Yerin daxili istiliyi (geotermal), su, torpaq, bitki, heyvan və mineral ehtiyatlar aiddir. Mineral ehtiyatlar filiz, qeyri-filiz və yanacaq faydalı qazıntılara ayrılır. Filiz faydalı qazıntılarına dəmir, mis, alüminium, polimetal filizləri və s. daxildir. Neft, təbii qaz, kömür, yanar şist yanacaq, müxtəlif duzlar və mineral tikinti xammalları qeyri-filiz faydalı qazıntılarıdır.


Təbii ehtiyatlar tükənən və tükənməyən qruplara ayrılır. Torpaq, su, hava, bitki və heyvan ehtiyatları tükənir, lakin sonra bərpa olunur. Onlara tükənən, lakin bərpa olunan ehtiyatlar deyilir. Bəzən onların bərpası üçün uzun illər lazım gəlir. Məsələn, torpağın 0,5-1 sm üst məhsuldar qatının bərpası üçün yüz il keçir. Təbii ehtiyatların bir qismi isə istifadə edilir və bərpa olunmur.

 

Onlara mineral ehtiyatlar daxildir. Bu ehtiyatlar tükənən, bərpa olunmayan ehtiyatlar adlanır. Tükənməyən ehtiyatlara aid olan günəş, külək, geotermal, qabarma-çəkilmə enerjisindən istifadə texniki cəhətdən mürəkkəbdir.


Ərazinin təbii ehtiyatlarla təminat səviyyəsi onların miqdarından, sahəsindən, geoloji quruluşundan və istifadə dərəcəsindən asılıdır.

 

Təbii ehtiyatlarla təminat onların neçə ilə çatması və ya əhalinin hər nəfərinə düşən ehtiyatların miqdarı ilə ölçülür.


İstifadəsinin xarakterinə görə təbii ehtiyatlar maddi istehsal sahələrində (sənaye, kənd təsərrüfatı və digər sahələr) və qeyri- istehsal sahələrində (müalicə, istirahət və turizm məqsədilə) istifadə olunan növlərə ayrılır.

 

Mineral sərvətlərə tələbat daim artsa da, onların ehtiyatları məhduddur. Artıq dünyanın bəzi ölkələrinin maddi ehtiyatları azalmış və ya tam tükənmişdir. Ona görə bu ehtiyatlardan səmərəli istifadə edilməsi zəruridir. Bunun üçün mövcud yataqlar səmərəli mənimsənilməli, xammallardan kompleks istifadə edilməlidir. Mövcud yataqlardan istifadə zamanı yeni texnologiyanın tətbiq edilməsi, xammal itkisinin azaldılması, ekoloji mühitin qorunması vacib vəzifələrdir.


Potensial ehtiyatlar - hazırkı şəraitdə istifadə edilməsi mümkün olmayan, lakin ehtiyatları müəyyən edilmiş təbii sərvətlərdir.