Xuan Valera. Balıqçı Urasimanın hekayəsi
Keçmiş zamanlarda Yapon dənizinin sahilində Urasima adlı mehriban, gülərüz, xeyirxah, gənc bir balıqçı yaşayırdı. O, çox yaxşı balıq ovlayırdı. Odur ki adı bütün dillərdə əzbər idi.
Yenə günlərin bir günü Urasima, adəti üzrə, balıq tutmaq üçün qayığına oturub dənizin içərilərinə qədər avar çəkdi. Ancaq bu dəfə bilirsinizmi tilovuna nə düşdü? Qını möhkəm, üzü qırışmış, eybəcər, quyruğunun dərisi sürtülmüş qoca bir tısbağa.
Hər kəsin yaxşılıq etmək istədiyi bir an olur, daha bilmirsən, sonu nə ilə qurtaracaq, səni haraya aparacaq. Nə isə… Deyirlər, tısbağalar da min il ömür sürürlər, xüsusilə yapon tısbağaları.
Balıqçı Urasima da əvvəlcə bilmədi ki, nə etsin. Öz-özünə düşündü: “Balıq hara, tısbağa hara? Balığın ləzzətli ətindən doymaq olmur. Amma tısbağa… Axı bu yazıq heyvanın nə günahı var ki, onu öldürüm? Yox, belə zalımlıq mənə yaraşmaz. Qoy yaşasın. Üstəlik, anam da bu yaxşılığımdan xəbər tutanda çox sevinəcək. Mən ki qəddar adam deyiləm”.
Elə bu fikirlə də Urasima tısbağanı suya buraxdı.
Bu hadisədən bir neçə saat keçdi. Onu da deyim ki, isti yay günlərindən biri idi. Günün qızmar vaxtında çox qəribə bir hadisə baş verdi. Urasima günorta yeməyini yeyib gözünün acısını almaq üçün öz qayığına uzandı. Günün istisindənmi, ya buranın səssizliyindənmi, bilmirəm, şirin yuxuya daldı. Ona mane olan da yox idi.
Gənc balıqçı şirin yuxuda ikən birdən-birə mavi dalğaların qoynunda bir gözəl qız peyda oldu. Qız qayığa minib Urasimanın yanında uzandı, bir az sonra onu ayıldıb dedi:
— Xeyirxah Urasima, ayıl, ayıl… Mən dəniz tanrısının qızıyam, atamla birlikdə dənizin dərinliyindəki Əjdaha qəsrində yaşayıram. Bir az bundan qabaq sənin tilovuna bir tısbağa düşmüşdü. Sən onu öldürmədin, suya buraxdın. Bax həmin tısbağa mən idim. Atam bu əhvalatı biləndən sonra məni göndərdi ki, gəlim görüm sən, həqiqətən, gözəl, xeyirxah adamsan, ya yox. Odur ki səni aparmaq üçün buradayam. Razısansa, evlənək, xoşbəxt olaq. Əjdaha qəsrində min ildən də artıq xoşbəxt ömür sürərik.
Urasima əvvəl mat-məəttəl qaldı. Sonra işin nə yerdə olduğunu bilib sevindiyindən söz tapa bilmədi. Başı ilə razılıq verib avar çəkməyə başladı. Qız da əlinə başqa bir avar alıb kömək elədi. Arada bir-birinə gülümsəyə-gülümsəyə Əjdaha qəsrinə gəldilər. Qəsrdə dəniz əjdahalarına, tısbağalarına, balıqlarına kral kimi hakimlik edən dəniz tanrısı yaşayırdı. Bura necə də cazibədar, əsrarəngiz idi. Qəsrin divarları mərcanlardan, ağacların yarpaqları zümrüddən idi. Qızılı rəngli meyvələrin ağırlığına dözməyən budaqlar başlarını aşağı əymişdilər. Ətrafda gümüşü, zər pulcuqlu balıqlar oynayır, qızılı quyruqlu əjdahalar gəzirdi.
Gözünüzün qabağına əsrarəngiz gözəllik gətirin… Həyatınızın ən gözəl, ən şirin, ən parlaq anını fikirləşin… Mavi dənizin cazibədarlığını kənara qoyub öz yaşadığınız ülvi gözəlliyi düşünün. Özünüzü necə hiss edərsiniz?.. Bax Urasima da o halda idi. Niyə də olmasın? Axı o, dəniz tanrısının kürəkəni, onu ilahi məhəbbətlə sevən şahzadə qızın əri idi.
Onlar zümrüd yarpaqlı, qızılı rəngli meyvələr gətirən ağaclarla əhatə olunmuş bu əsrarəngiz məkanda üç ildən çox ömür sürdülər. Bu zaman ərzində bir-birinə can deyib can eşitdilər.
Ancaq… Günlərin bir günü Urasima arvadına dedi:
— Əzizim, düzdür, burada günümüz gözəl keçir. Həyatımdan da çox razıyam. Özümü sənin yanında xoşbəxtlərin xoşbəxti hiss edirəm. Amma bir şey var ki, bunu səndən gizlədə bilmərəm. Anam, atam, bacı-qardaşım üçün lap burnumun ucu göynəyir, onları görməyə ruhən ehtiyac duyuram. Əgər icazə versən, onları görmək üçün qısa müddətə gedib tez də qayıdaram.
Şahzadə qızın kefi pozuldu:
— Eh, axı nə üçün? Bu mənə xoş deyil: qorxuram, dəhşətli hadisələr baş verər. Ah, gedəni də yoldan saxlamazlar, necə istəyirsən, elə də et. Amma bir xahişim var, — deyib Urasimaya bir qutu uzatdı. — Bu qutunu özünlə apar, lakin onu heç vaxt açma, ehtiyatla qoru, əsla açma, açma. Əgər onu açsan, heç vaxt nə məni görəcək, nə də geri qayıda biləcəksən.
Şahzadə qız dönə-dönə tapşırdı, Urasima da söz verdi ki, harada olur-olsun, qutunu göz bəbəyi kimi qoruyacaq, necə olur-olsun, onu əsla və əsla açmayacaq. Sonra halallaşıb öz qayığına oturdu, avar çəkməyə başladı, xeyli yol qət etdi. Axır ki, doğma ölkəsinin yerləşdiyi sahilə gəlib çıxdı.
Ancaq… Bura necə də dəyişmişdi. Onun ayrı qaldığı bu üç il ərzində nələr baş vermişdi? Anasının koması hara yoxa çıxmışdı? Kəndin əvvəlki adət-ənənəsi, yaşayış tərzi necə olmuşdu? Təkcə dağlar… Təbiətin sərtliyinə sinə gərən, zamana meydan oxuyan dağlar olduğu kimi öz yerindəcə qalmışdı. Kəndə kölgə salan, gözoxşayan ağaclar da kəsilmiş, kökü də qalmamışdı. Yanından kiçik dağ çayının köpüklənib axdığı ata komasından əsər-əlamət belə yox idi.
Əvvəllər buralar çayda paltar yuyan qadınlarla dolu olardı. İndi biri də gözə dəymirdi. Möcüzə baş vermişdi, ya da hər hansı qəribə hadisə… İlahi, bu üç ildə fələk hər şeyi necə də dəyişdirmişdi.
Urasima kədərləndi, təəssüflə oranı, buranı gəzdi. Elə bu vaxt yoldan keçən bir adamla rastlaşdı. Tələslə ona yaxınlaşıb sual-suala tutdu:
— Qardaş, xahiş edirəm, mənə cavab ver. De görüm, Urasimanın koması hara yoxa çıxıb? Axı o, əvvəllər burada idi.
Yoldan keçən adam təəccübə bürünür. Sual dolu baxışlarını naməlum adama zilləyib deyir:
— Kim? Urasima? Ay qardaş, əgər 400 il bundan əvvəl balıq tutarkən yoxa çıxan Urasimanı nəzərdə tutursansa, heç soruşma. Onun nə anası, nə atası, nə qardaşı, nə də ki nəvə-nəticəsi qalıb, gərək ki yüz il əvvəl ölüblər. Düzü, bu çox qədim və qəribə əhvalatdır, dostum. Camaat arasında əfsanəyə dönən Urasimanın komasını axtarmaq fikrindəsənsə, gərək ya dəli olasan, ya da axmaq. Yüz ildir ki, burada zir-zibildən, xarabalıqdan başqa heç nə yoxdur.
Bu sözlər Urasimanın yarasına duz səpdi, bərk sarsıldı, bilmədi nə desin, nə etsin. Onun bütün vücudunu dəhşətli bir həyəcan bürüdü. Təpədən dırnağacan tir-tir əsdi.
Birdən Urasimanın ağlına bir fikir gəldi. Başa düşdü ki, o min dünyada — dənizin dibindəki mərcan divarlı, ağacları qızılı meyvə gətirən, zər quyruqlu əjdahalarla əhatə olunmuş Əjdaha qəsrində keçirdiyi bir gün buradakı bir ildən uzun imiş. Şahzadə qızla yaşadığı sehrli dünyada Urasima 400 il ömür sürmüş. Ancaq nə hikmətsə, o öz ana torpağında, dünyadan köçmüş qohumları arasında necə gənc və cavan idisə, elə də qalmışdı, çox cüzi dəyişmişdi — o da heç hiss olunmurdu. İndi isə boya-başa çatdığı kənd yoxa çıxmışdı.
Başına gələn bu əhvalat, olub-keçənlər Urasimanı o qədər heyrətləndirmişdi ki, özünü toparlaya, fikirləşə bilmirdi. Qəfildən onun qəlbinə dənizin dibində yaşayan gözəl və məsum arvadının yanına qayıtmaq arzusu hakim kəsildi. Daha da təlaşlandı. Axı bu necə olacaqdı? Onu yenidən oraya kim aparacaqdı?
— Bir də… Bir də!.. — deyə qara fikirlər Urasimanı cənginə alıb qəm dəryasına qərq elədi. — Hərgah qutunu açsam, bəlkə… Axı o mənə demədimi ki, bu sirri açma, qutunun ağzını bağlı saxla… Yoxsa… Mən heç vaxt tapa bilməyəcəyəm yollar axtarıram… Başqa çarəm yoxdur.
Xülasə, Urasima bədbin-bədbin düşünərək şahzadə qızın sözünə əməl etmədi, qutunu açdı. Beynində dolaşan qarma-qarışıq fikirlər arvadının sözlərini xatırlamaqda ona mane oldu.
— Eh, nə olur-olsun, qutunu açacağam!
Eh, bilirsinizmi, nələr baş verdi? Qutudan bir ağ bulud çıxıb dənizin üstü ilə süzərək uzaqlaşmağa başladı. Bu vaxt o ağ buludun arasından şahzadə qızın surətini gördü. Sevimli, əziz, mehriban arvadının kədərli səsini eşitdi:
— Ah, Urasima… Bəs sənə demədimmi, qutunu açsan, bir daha mənim yanıma qayıda bilməyəcəksən? Niyə məni dinləmədin?..
Ailəsini, vətənini və sevgilisini itirən Urasima onu dayandırmaq üçün buludun arxasınca qaçdı, arvadını səslədi, ancaq əbəs yerə. Hər dəfə qışqıranda bir az da taqətdən düşürdü. Gücünü toplayıb bir də qışqırmaq istədi, ancaq bu dəfə səsi çıxmadı. Urasimanın içi dağıldı, bədənini dəhşətli hərarət bürüyürdü. Bir an sonra balıqçı güclə nəfəs almağa başladı. Artıq nəfəsi də çatmırdı. Ani olaraq elə bir dəhşətli əzab çəkdi ki, heç bir söz onu izah edə bilməz. Nəhayət, kimsəsiz sahilə yıxılıb canını torpağa tapşırdı.
Yazıq, bədbəxt Urasima! Gör bir sözə baxmamaq onu necə məhv etdi. Əgər şahzadə qızın dediklərinə əməl etsəydi, min ildən də artıq yaşaya bilərdi.
Eh… Nə isə… Ancaq siz bir mənə deyin görüm, dənizin dibindəki zümrüd yarpaqlı, qızılı rəngli meyvə ağacları xoşunuza gəldimi? Gümüşü pulcuqlu balıqlar, zər quyruqlu əjdahalar necə? O yerlər sizin könlünüzü oxşadımı? Bəs siz dəniz tanrısının hökmranlıq etdiyi əsrarəngiz Əjdaha qəsrini görməyə gedərdinizmi? Bir bu barədə düşünün…
05.10.2026