Nağıllar, hekayələr

Qızıl əllər

Biri var imiş, biri yox imiş, qədim zamanlarda ucsuz-bucaqsız səhra düzündə varlı bir tacir yaşayırmış.

 

Bu tacirin aman-zaman, gözünün ağı-qarası bircə qızı var imiş. Elə ki bu qız səhraya çıxarmış, səmadakı ulduzlar sönərmiş, çayların şırıltısı, küləklərin vıyıltısı kəsilərmiş. Ona görə ki qızın gözləri ulduzlardan daha işıqlı imiş, çayların gur şırıltısı onun lətif səsi imiş. Qızın adı Meftuk imiş. Atası qızı Meftuku göz bəbəyi kimi qoruyub əzizləyərmiş. Qızın könlündən nə keçsəymiş, atası yerinə yetirərmiş.

 

Günlərin bir günü atası qızından soruşur:

 

– Mənim göyçək qızım, de görüm, kimə ərə getmək istəyirsən?

 

Meftuk atasına belə cavab verir:

 

– Atacan, mən elə bir adama ərə getmək istəyirəm ki, dünyada ondan kasıbı, eyni zamanda da, ondan varlısı olmasın.

 

Qoca tacir fikrə gedir, başını bulayıb deyir:

 

– Qızım, sən mənim qarşıma çox müşkül bir şərt qoydun. Belə bir nişanlını sənə haradan axtarıb tapım?

 

Qız da atasına belə cavab verir:

 

– Onu sən niyə axtarırsan? Sən ancaq müraciət elə, evlənmək istəyən kəs özü öz ayağı ilə gəlib çıxacaq.

 

Qoca tacir də hamıya xəbər verir ki, o öz gözəl qızı Meftuk xanımı elə bir adama ərə verəcək ki, həmin adam sübut etsin ki, dünyada ondan varlısı, eyni zamanda da, ondan kasıbı yoxdur.

 

Qoca tacir müəyyən gün ayırır ki, evlənmək istəyənlər həmin gün imarətə gəlsinlər.

 

Həmin gün gəlib çatır. Səhərin gözü açılan kimi qulluqçular tacir qızının başına yığışırlar. Başlayırlar qızı geyindirib bəzəməyə.

 

Qulluqçu qızlardan biri Meftuk xanımın şəvə kimi qara saçlarını darayıb hörür. Sonra hörüklərinə mirvari dolayır. İkincisi zərxaradan xələt hazırlayır, qulluqçu qızın üçüncüsü mirvari və qiymətli daş-qaşdan düzəldilmiş zinətləri ayırır ki, Meftuk xanımın boyun-boğazına, incə barmaqlarına taxsın.

 

Qulluqçu qızların hamısı həyətə yığışan elçi düşən oğlanların barəsində ağızlarına gələni danışırlar:

 

– Evlənmək istəyən oğlanlardan biri yanınca yüz dəvə gətirib, dəvələrin də hamısına qiymətli mallarla dolu taylar yüklənib.

 

Qulluqçu qızın ikincisi deyir:

 

– O biri oğlan isə özü ilə əntiqə, yaraq-yasaqlı min döyüşçü gətirib.

 

O biri qulluqçu qızlar da cərənləyib deyirlər:

 

– Üçüncü oğlan isə yeşiklərə ağzınacan almaz, mirvari, zümrüd doldurub özü ilə gətirib, yəqin, bu oğlanın dövlətinin sayı-hesabı yoxdur.

 

Qoca tacir qapının ağzına gəlib soruşur:

 

– Qızım, hazırsanmı? Cavanlar yığışıb səni gözləyirlər.

 

Qız cavab verir:

 

– Hazıram, ata.

 

Meftuk xanım öz gözəlliyi və bər-bəzəyi ilə günəş kimi şölə saça-saça cavanların qarşısına çıxır.

 

Oğlanların hamısı Meftuk xanımın və onun atasının qarşısında ikiqat əyilərək təzim edirlər. Qoca tacir xara kürsünün üstündə əyləşir, qızını da yanında oturdur. Sonra ucadan deyir:

 

– Mənim qızım Meftuk elə bir adama ərə getmək istəyir ki, həmin adam dünyada hamıdan varlı, eyni zamanda, hamıdan yoxsul olsun. Odur ki kim olduğunuzu deyin.

 

Əyinlərinə çox qiymətli paltarlar geymiş bir neçə adam irəli çıxır, dallarınca da nökərləri mallarla yüklənmiş ağır dəvələri, qiymətli parçaları, gözəl qablarla dolu tayları çəkirlər.

 

Cavanlar bir də təzim edərək deyirlər:

 

– Biz sevirik səni, gözəl qız, səni almaq istəyirik. Bizim hansı birimiz sənin ürəyinə yatır, onu seç!

 

Meftuk xanım soruşur:

 

– Çoxmu varlısınız?

 

Oğlanlar deyirlər:

 

– Bəli, gözəl qız, varlıyıq.

 

– Bəs niyə elə fikirləşirsiniz ki, eyni zamanda, həm də hamıdan yoxsulsunuz?

 

Cavanlar qıza belə cavab verirlər:

 

– Ona görə ki yer üzündə bizim ən qiymətli xəzinəmiz hələ ki yoxdur, o sənin məhəbbətin, sənin qəlbindir.

 

Meftuk xanım gülüb deyir:

 

– Yox, mənim istəyim bu deyil. Ona görə də sizin heç birinizə ərə getmərəm.

 

Bu dəfə də bir neçə şan-şərəfli hərbçi irəli çıxır, dallarınca da qoşunları gəlir. Onlar deyirlər:

 

– Meftuk xanım, biz o qədər də varlı deyilik, ancaq öz döyüşçülərimizin köməyi ilə gedib yadların torpağını əlimizə keçirsək, yer üzündə hamıdan varlı ola bilərik.

 

Meftuk xanım onlardan soruşur:

 

– Döyüşçülərinizin köməyi olmadan bəs siz özünüz nə eləyə bilərsiniz?

 

Hərbçilər deyirlər:

 

– Döyüşçülərimiz olmasa, heç bir şey eləyə bilmərik.

 

Meftuk xanım onlara deyir:

 

– Hə, deməli, mənim ərə getmək istədiyim adam sizlərdən də heç biri ola bilməz.

 

Bu dəfə də əllərində içi qiymətli daş-qaşla dolu yeşiklər olan oğlanlar qabağa çıxıb deyirlər:

 

– Baxın, Meftuk xanım, bu yeşiklərin içində bitib-tükənməyən xəzinə var. Ancaq biz bunları sənə verəndən sonra yer üzündə hamıdan yoxsul olacağıq.

 

Qız onlara deyir:

 

– Deməli, siz əvvəlcə varlı olacaqsınız, sonra yoxsullaşacaqsınız. Ancaq eyni vaxtda həm varlı, həm də yoxsul ola bilməyəcəksiniz. Yox, sizin daş-qaşlarınız da mənə gərək deyil. Siz mənim yolunu gözlədiyim adam deyilsiniz.

 

Elə bu vaxt əyninə kobud parçadan tikilmiş paltar geymiş yaraşıqlı və kasıb bir oğlan gözlənilmədən irəli çıxır. Gözəl Meftuk xanıma baş əyir.

 

Qoca tacir oğlanı ələ salaraq ondan soruşur:

 

– Nədir, yoxsa sən də mənim qızımla evlənmək fikrinə düşmüsən? Sənin kasıb olduğunu sözsüz görürük. Bəs yaxşı, sənin dövlətin hanı?

 

Cavan oğlan sevinə-sevinə deyir:

 

– Mən dövlətimi həmişə yanımda gəzdirirəm.

 

Oğlan belə deyib cibindən bir iynə, bir çəkic, bir də çömçə çıxarır:

 

– Mən yaxşı dərziyəm. Elə paltarlar tikərəm ki, o paltarlar sənin bax indi geydiyin paltarlardan çox-çox yaraşıqlıdır. Mən yaxşı dəmirçiyəm – bir saatın içində ilxındakı atların hamısını nallayıb qurtararam. Mən həm də aşpazam. Elə xörəklər bişirib hazırlayaram ki, yer üzündə elə bir padşah tapılmaz, bu cür dadlı xörək yemiş olsun. Dəvələrim, dövlətim, qoşunum, daş-qaşlarım olmadan mən o qədər qazana bilərəm ki, bax sizin gördüyünüz bu adamların hamısından qat-qat varlı olaram. Ona görə ki mənim dövlətim əllərimdə, bir də bacarığımdadır.

 

Meftuk xanım deyir:

 

– Axır ki, mən istədiyim adaxlı tapıldı. Onun əlləri qızıldır.

 

Beləcə, Meftuk xanım bu sənətkar oğlana ərə gedir.