Şeirlər

Görüşünə gəlmişəm

İlk ustadım- müəllimim!

Yenə sənin görüşünə gəlmişəm mən,

Gəlmişəm ki, yenə sənin

Qabağında şagird olum, boynu bükük,

Gəlmişəm ki, yenə səndən xəbər alım

Şeir nədir! Şair kimdir!

Deyəsən ki, niyə şair müqəddəsdir,

Niyə şeir bir tilsimdir.

Gəlmişəm ki, o müqəddəs

İlkinliyə uyum bir də.

Uzaq illər arxasından gözəlliyin

Gül ətrini duyum bir də.

Gözüm yazı lövhəsində,

Könlüm şeir həvəsində

Mən xəyala dalım yenə.

O uşaqlıq günlərindən

Bu ahıllıq illərinə

Bir cığır da salım yenə.

Gəlmişəm ki,

Təbaşirli əllərindən

Toz ələnən saçlarına

Baxım bir də.

“Qığılcımdan alov doğar!”- dedikcə sən

Zülmətlərin ağuşunda

Şimşək olub çaxım bir də.

Yadımdadır pəncərəsi

Günə baxan bapbalaca sinifimiz…

O sinifdən başlamışıq

Bu dünyanı sevməyə biz.

 

Həqiqətdən danışdıqca

Həqiqətin şöləsinə

Bənzəyirdin sən özün də,

Yüz günəşin nuru vardı hər sözündə.

Danışardın haqqın yolu

Niyə belə çətin olur.

Haq-həqiqət əsgərləri

Dönməz olur, mətin olur!

Öyrət mənə!

Öyrət yenə!

Həqiqətə gedən yolun hər sirrini!..

Bütün dünya şairləri bundan yazır

İlk şeirini son şeirini.

Öyrət mənə! Qoy ilhamım

Məni heç vaxt xar etməsin el yanında.

Həqiqətdən söz düşəndə

Haq sözümü deyim mən də

Bu aşkarlıq zamanında.