Şəhərin tükü
Molla şəhərin qalalarını, bürclərini görüb heyran-heyran baxırmış. Bunu görən məmurlardan biri onu ələ salmaq istəyir. Yaxınlaşıb ondan soruşur:
– Nə olub, a kişi? Dəvə nalbəndə baxan kimi nə gözünü zilləyib baxırsan?
Molla deyir:
– Vallah, mən kənd adamıyam, şəhərə birinci dəfədir ki, gəlirəm. Baxıram ki, evlər, küçələr, bağlar, dükanlar, hər şey var. Özləri də çox gözəldir. Amma bax, şəhərin o yan-bu yanında dikələn bu şeylər nədir, başa düşə bilmirəm.
Məmur yaxınlıqdakı bürclərdən birini göstərib deyir:
– Niyə başa düşmürsən? Bunlar bizim şəhərin başının tükləridir, belə dik-dik durublar.
Molla başa düşür ki, məmur onu ələ salır. Bir ona baxır, bir də dönüb bürcə baxır.
Elə bu zaman şəhər hakimi beş-on adamla bürcün üstünə çıxıb ətrafa baxmağa başlayır. Molla məmura deyir:
– Şəhərinizə sözüm yoxdur. Amma belə ki, mən görürəm, deyəsən şəhərinizin başını təmiz saxlamırsınız.
Məmur soruşur:
– Niyə?
Molla hakimliyi göstərib deyir:
– Bir bax, bir tükün üstünə neçə bit dırmaşıb…
Dövlət məmurunun üzünə onun böyüyünü bit adlandırmaq böyük cəsarət istəyir. Lakin Molla bu sözləri öz sadəlövhliyinin pərdəsi altında dediyinə görə heç bir cəza ilə üzləşmir.
24.07.2026